waplog

Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək


Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Çin öz rəqəmli pullarını dövriyyəyə buraxan nəhəng iqtisadiyyata malik ilk ölkə olacaq. Plana görə, “rəqəmli yuan” pul vahidinin tətbiqi üzrə eksperimentin ilkin mərhələsi dekabrın sonunadək 10 milyon əhalisi olan Şençjen şəhərində aparılacaq, 2020-ci ildə isə onun miqyasının genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, layihə paralel şəkildə eyni əhali sayına malik digər böyük şəhərdə – Suçjouda həyata keçiriləcək.

 

“DCEP” rəqəmli valyutasını 4 bank və 3 telekommunikasiya şirkəti olmaqla dövlətin iştirak etdiyi 7 təşkilat test edəcək. Kriptovalyutanın müxtəlif senarilərdə, o cümlədən nəqliyyat, təhsil və tibb sahələrində istifadəsi üzrə sınaqları keçiriləcək.

 

Bildirilir ki, “DCEP” “fiziki” pulları tam əvəzləyəcək. Mahiyyət etibarilə artıq Çində nağd ödənişləri “Alipay” və “WeChat Pay” kimi elektron ödəniş sistemləri, eləcə də QR koduna görə ödəniş proqramları sürətlə sıxışdırır. Məlumata görə, 2013-cü ildə Çində bütün ödənişlərin 20 faizi, 2018-ci ildə isə 80 faizi mobil ödəniş üsulunun payına düşüb.

 

Bir müddət əvvəl Çin Xalq Bankının Rəqəmli valyutalar üzrə tədqiqat institutunun rəhbəri Mu Çançun bildirib ki, “DCEP” rəqəmli valyutası “Alipay” və “WeChat Pay” sistemləri ilə uyğunluq təşkil edəcək. Onun sözlərinə görə, kriptovalyuta ilə internetə qoşulmadan ödəniş etmək mümkün olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL