waplog

Cənubi Koreya “4G” şəbəkələrində mobil internetin sürətinə görə dünya lideridir


Cənubi Koreya dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G) mobil internetin sürətinə görə dünyanın digər inkişaf etmiş ölkələrini xeyli üstələyir. Bu barədə "Korea Telecommunications Operations Association" (KTOA) təşkilatının mütəxəssislərinin apardığı tədqiqatın nəticələrində deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, məlumata görə, Cənubi Koreyada "LTE" şəbəkələrində orta yükləmə sürəti 150,68 Mbit/saniyəyə çatır. Kanada və ABŞ bu göstəriciyə görə təxminən 3 dəfə geri qalır – Şimali Amerika ölkələrində "LTE" internetinin orta sürəti 52,23 Mbit/saniyə qiymətləndirilir.

 

Yaponiya və Honkonqda isə sürət daha aşağı olmaqla 46,55 və 43,18 Mbit/saniyə təşkil edir. Cənubi Koreyanın nəticəsinə nisbətən daha yaxın Böyük Britaniya (56,07 Mbit/saniyə), Fransa (67,34 Mbit/saniyə) və Almaniyanın (80,88 Mbit/saniyə) göstəriciləridir.

 

Bundan başqa, Cənubi Koreya ictimai "Wi-Fi" şəbəkələrində orta yükləmə sürətinə görə irəlidədir. Ölkədə bu göstərici 354,07 Mbit/saniyəyə çatır. Mütəxəssislər tərəfindən nəzərdən keçirilən ölkələr arasında ən pis nəticəni Honkonq nümayiş etdirib: burada ictimai "Wi-Fi" şəbəkələri vasitəsilə internetə orta hesabla 11,79 Mbit/saniyə sürətlə qoşulmaq mümkündür.

 

"4G" şəbəkələrindən maksimal istifadə göstəricisi Yaponiyada qeydə alınıb (98 faiz). Cüzi fərqlə ikinci yeri Çin (96,7 faiz), üçüncünü ABŞ (94 faiz) tutub. Bu göstəriciyə görə böyük fərq səkkizinci yeri tutan İtaliya və doqquzuncu pillədə qərarlaşan Almaniya arasında müşahidə edilib. Siyahını 47,3 faiz nəticə ilə Braziliya tamamlayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL