waplog

Çin “Beidou-3” sisteminin peyklərinin əsas qruplaşmasının yaradılmasını başa çatdırıb


Dekabrın 16-da Çin “Beidou-3” sisteminin iki naviqasiya peykinin buraxılışını həyata keçirməklə sistemin əsas qruplaşmasının yaradılmasını tamamlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, nəticədə sistemin Yerətrafı orbitdə fəaliyyət göstərən peyklərinin sayı 24-ə çatıb. Bu, Yer kürəsini tam əhatə etməyə imkan verəcək.

 

Bildirilir ki, indiyədək dünyada üç qlobal peyk sistemi mövcud olub: Rusiyanın QLONASS (hazırda müəyyən edilmiş məqsədlər üçün 22 peykdən istifadə olunur), ABŞ-ın “GPS” və Avropanın “Galileo” sistemləri. Hazırda bu siyahıya “Beidou-3” sistemi əlavə olunub.

 

Məlumata görə, Çin 2018-ci ildə “Beidou” qlobal naviqasiya sisteminin 18 peykinin buraxılışını həyata keçirib. Naviqasiya sistemi artıq qlobal xidmətlər göstərir. Məsələn, Çinin böyük şəhərlərində təxminən 6,17 milyon nəqliyyat vasitəsi, 35 min poçt və kuryer çatdırılma vasitəsi, eləcə də 80 min avtobus “Beidou” naviqasiya sistemi ilə təchiz edilərək ona uyğunlaşdırılıb. Sistem, həmçinin Çinin mülki aviasiyasında geniş tətbiq edilir.

 

Bundan başqa, “Beidou” sistemi ölkənin kənd təsərrüfatı sektorunda geniş istifadə olunur. Avtomatik kənd təsərrüfatı texnikası idarəetmə sistemi bütün ölkədə tətbiq edildiyi halda naviqasiya sisteminə əsaslanan kənd təsərrüfatı müşahidə platforması 50 mindən çox kənd təsərrüfatı maşın və avadanlığına xidmət göstərir.

 

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” regional peyk naviqasiya sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır. Bu baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq.

 

“Beidou-3” sisteminin ilk peyki 2017-ci ildə buraxılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL