waplog

“Windows 7” istifadəçiləri “Apple” əməliyyat sisteminə keçirlər


On milyonlarla "Windows 7" istifadəçisi "macOS" əməliyyat sisteminə keçəcək. Bu barədə "IDC" şirkətinin tədqiqatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, şirkətin hesabatına görə, "Windows 7" sisteminin dəstəklənməsi dayandırıldıqdan sonra istifadəçilərin "Apple" əməliyyat sisteminə kütləvi axını gözlənilir. Analitiklərin qiymətləndirməsinə görə, ABŞ-da "Windows 7" korporativ lisenziya sahiblərinin təqribən 13 faizi "macOS" sistemli "Mac" kompüterlərini seçmək niyyətindədir. Ekspertlərin fikrincə, natural ifadədə "Microsoft" əməliyyat sistemindən imtina edən istifadəçilərin sayı on milyonu ötəcək.

 

"Apple" əməliyyat sisteminə keçidin əsas səbəbi kimi "Windows 7" sisteminin biznes seqmenti üçün ənənəvi dəstəyin dayandırılması göstərilir. "IDC" nümayəndələri qeyd edir ki, istənilən platformada işə salınması mümkün müasir proqram təminatının veb-əlavələri və alternativ həllərin mövcudluğu nəzərə alınaraq "Windows" sisteminin istifadəçisi kimi qalmaq zərurəti aradan qalxır və bu, "Apple" şirkətinə sərf edir. Qeyd edək ki, 2016-cı ildə İT bazarının biznes nəhənglərindən biri olan "IBM" şirkəti əməkdaşlar üçün 100 min "Mac" kompüteri alıb.

 

Nümunə kimi analitiklər tərəfindən "App Store" mağazasında "Mac" kompüterləri üçün təqdim edilən populyar "Office" paketi qeyd olunur. Həmçinin ekspertlər vurğulayır ki, "Word", "Excel" və digər ofis proqramları veb-versiyaya malikdir.

 

Xatırladaq ki, yanvarın 14-də "Windows 7" əməliyyat sisteminə dəstəyin göstərilməsi başa çatıb. Həmin tarixdən etibarən sistemin yenilənməsi və texniki dəstəyi dayandırılıb. "Microsoft" əvvəlcədən köhnəlmiş sistem istifadəçilərinə "Surface" seriyalı yeni kompüterlər almağı və qurğuları "Windows 10" sisteminədək yeniləməyi tövsiyə edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL