waplog

Dünyanın ən böyük hava gəmisinin seriyalı versiyası təqdim edilib


Böyük Britaniyanın "Hybrid Air Vehicles" şirkəti dünyanın ən böyük hava gəmisi olan "Airlander 10" adlı perspektivli hibrid uçuş aparatının seriyalı versiyasını təqdim edib. Aparatın uçuş sınaqlarına və sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq planlaşdırılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, 2000-ci illərin ortalarından hazırlanan "Airlander 10" aparatının prototipi ilk uçuşu 2012-ci ildə həyata keçirib. O vaxtdan aparat bir neçə dəfə havaya qalxıb, iki uçuş isə qəza ilə nəticələnib. 2017-ci ildə baş verən insidentdən sonra "Hybrid Air Vehicles" şirkəti prototipin sınaqlarının başa çatmasını açıqlayaraq "Airlander 10" hava gəmisinin seriyalı versiyasının hazırlanmasına başlayıb.

 

Seriyalı "Airlander 10" xarici görünüşünə görə öz prototipi kimi dirijabla bənzəyir, lakin havadan ağır uçan aparatlar kateqoriyasına aid edilir. Helium ilə doldurulmuş tutumlar uçuş və havada qalma üçün lazım olan qaldırıcı gücün 40 faizini, onun qalan hissəsini isə hava vintli elektromotorlar yaradır.

 

"Airlander 10" aparatının seriyalı versiyası prototipdən korpusun formasına və eni 6 metr, uzunluğu 46 metr olan daha böyük qondolaya görə fərqlənir. Bundan başqa, aparat yığılan şassi və yerlə sürülüb gətirilən ön qurğu ilə təchiz edilib, əsas elektromotorların hərəkətvericiləri isə halqaşəkilli ön müqavimət sipərlərinə malik deyil.

 

"Hybrid Air Vehicles" artıq turizm şirkətlərindən on ədəd "Airlander 10" aparatının tədarükü üçün sifariş alıb. İlk belə uçuş aparatının sifarişçiyə 2024-cü ildə çatdırılması nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL