waplog

Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında


Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyevin adı ətrafında böyük ajiotaj yaradılmağa cəhd edilir. Müxtəlif mətbuat orqanları onu “Azərbaycanın bir nömrəli alimi”, “Nobel Mükafatı almağa layiq elm xadimi”, “Qeyri-səlis nəzəriyyənin inkişafına tövhə verən alim”, “200 ildən bir peyda olan dünya şöhrətli alim” kimi ictimaiyyətə təqdim edirlər.

 

Əlbəttə, müəyyən şəxs haqqında fikirlər söyləmək hər bir vətəndaşın hüququdur. Lakin bu fikirlər müəyyən obyektiv meyarlara söykənməlidir. Hər bir alimin nüfuzu onun çap etdirdiyi elmi məqalələr, kəşflər və aldığı patentlərlə müəyyənləşir.

 

Beynəlxalq elmi informasiya məkanının çox mühüm hissəsini elmi-texniki informasiya, elmi jurnallarda çap olunmuş məqalələr, patent, ixtiralar və s. haqqında məlumatlar təşkil edir. Ölkəmizin maraqları hər bir tədqiqatçının elmin son nailiyyətləri ilə vaxtında tanış olmasını, yeniliklərin istehsalatda, təhsildə dərhal və səmərəli şəkildə tətbiqini tələb edir.

 

Eyni zamanda əldə edilən mühüm elmi nəticələrin də operativ surətdə beynəlxalq arenaya çıxarılması alimlərin nüfuzunun yüksəlilməsinə təsir edir. Alimlərin əsərləri əsasən elmi jurnallarda çap olunur. Müasir dünyada on minlərlə elmi jurnal nəşr olunur. Hazırda elmi nəşrlərin qiymətləndirilməsi jurnal məqalələrinə istinadların statistik analizi əsasında ABŞ-dakı Elmi İnformasiya İnstitutu (Eİİ) tərəfindən aparılır.

 

Bu institutu 1960-ci ildə E. Qarfild təsis etmişdir. 1992-ci ildən Elmi İnformasiya İnstitutu Tomson-Röyters korporasiyasının tərkib hissəsidir. Ötən əsrin 60-cı illərindən etibarən Eİİ qiymətləndirmədə əsas göstərici kimi jurnalların təsir əmsalından (İmpakt Faktor) istifadə edir.

 

İmpakt Faktor nəşrdəki əsərlərin, bu əsərlərdəki ideya və nəticələrin elmin müəyyən sahəsinin inkişafına təsir imkanının ədədi ifadəsidir. İmpakt Faktor böyuk və kiçik həcmli, müxtəlif dövriliklə və zaman kəsiyində nəşr olunan jurnalların qiymətləndirilmədə imkanlarını bərabərləşdirmək baxımından mühüm göstəricidir.

 

Araşdırılan ildən asılı olaraq hər bir jurnalın İmpakt Faktoru dəyişir: aydındır ki, hər il eyni dərəcədə yüksək səviyyəli nəticələrin alınmasını və nəşrini gözləmək düzgün olmazdı. Belə dəyişmələr mötəbər, müəyyən sahədə onilliklərlə tanınan nəşrlərdə kifayət qədər məhdud sərhədlərdə baş verir.

 

Nəticədə dünya elmində yüksək səviyyəli, məqaləsi bir neçə ekspert tərəfindən diqqətlə yoxlanılan nəşrlər siyahısı formalaşır ki, bu jurnallarda əsər çap etdirmək hər bir mütəxəssis üçün peşəkarlıq, özünütəsdiq baxımından müstəsna məsuliyyət tələb edir.

 

Müasir dövrdə ciddi elmi tədqiqatla məşğul olan alimlərin əsas göstəricilərindən biri onların Impakt Faktoru olan jurnallarda çap olunmuş elmi məqalələrdir. Lakin belə jurnallar bir qayda olaraq inkişaf etmiş ölkələrdə cəmləşib ki, bu da yeni nəticələrin, ideya və texnelogiyaların bu ölkələrə axınına ciddi təsir göstərir.

 

Təqdirəlayiq haldır ki, əsası 2002-ci ildə qoyulmuş, Tomson Reyters Agentliyinin siyahısına salınmış və Impakt Faktor almış ilk Azərbaycan elmi jurnalı olan “Applied and Compatational Mathematics” (ACM) ölkəmizi beynəlxalq elmi dairələrdə layiqincə təmsil edir.

 

Qeyd olunmalıdır ki, jurnal Impakt Faktora görə (0,857) ənənəvi Rusiya və region ölkələrində çap olunan uyğun jurnalları xeyli qabaqlayır. Jurnalın fəxri redaktoru prof. Tamer Başar (ABŞ), baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev, Prof. V.B.Larin (Ukranya), aparıcı redaktoru f.-r.e.d Yusif Qasımov, icraçı redaktoru isə f.-r.e.n Nərgiz Səfərovadır.

 

Jurnalın bu mərtəbəyə yüksəlməsində bu insanların hər birinin əvəzsiz xidmətləri vardır. Biz elmi əsərlərə verilmiş istinadlar əsasında bir qrup tanınmış alimin siyahısını tərtib etmişik. Məqsədimiz onların Azərbaycan elminin inkişafında tutduqları yeri dünya prizmasından müəyyənləşdirmək olduğundan araşdırmalarda ISI Web of Knowledge və Scholar Google elmi informasiya bazalarının ingilis dilli statistik məlumatlarından istifadə etmişik.

 

Bu məlumatlardan göründüyü kimi prof. R.Əliyevin bir alim kimi “şişirdilməsi” heç də obyektiv əsaslara malik deyil və o heç də “bir nömrəli alim” statusuna uyğun gəlmir. Cədvəldən dünya elmi mühitində kimin hansı mövqedə durması aydın görünür.

 

Azərbaycanda onlarla ciddi elmi nəaliyyətləri olan alimlər var. Qeyd edək ki, prof. R.Əliyev prof. L.Zadənin adı ilə xeyli spekuliyasiya edir. Onun nə dərəcədə səmimi olmasını aşağıdakı bir neçə fakt göstərir: 2008-ci ildə Zadə müstəqillik dönəmində ilk dəfə olaraq Azərbaycana dəvət ediləndə, 2011-ci ildə onun Bakıda keçirilən 90 illik yubiliyində, ACM jurnalının bu yubileyə həsr olunmuş xüsusi buraxılışının hazırlanmasında, San-Fransiskoda Azərbaycan dövləti tərəfindən təşkil olunmuş tədbirlərə Rafiq Əliyev dəvət olunmasına baxmayaraq iştirak etməmişdir.

 

Deyirlər həqiqət acı olur, xüsusən də o, reallığa, danılmaz faktlara söykəndikdə. Bu mənada prof. Cəmil Həsənlinin mətbuatda son çıxışları başadüşüləndir. Əvvəla onun dediklərini təkzib etmək üçün qeyd edim ki, mənim hələ 1998-ci ildə ən nüfuzlu elm nəşriyyatlarından olan “Gordon and Brige”də çap olunmuş “Optimization of Linear Control Systems” monoqrafiyam ABŞ-ın Ohayo universitetində dərs vəsaiti kimi qəbul olunub.

 

İkincisi fakt faktlığında qalır. Bütun dünyada qəbul olunmuş elmi informasiya bazalarının ortaya qoyduğu vəziyyət isə budur. Kim bu güzgüdə özünü əryi gorürsə bu artıq onun öz problemidir. Bir məsəlini də onun nəzərinə çatdırıram ki, öyrəncəkli olduğunuz kimi “nəhənglik” (qeyri sahə mütəxəsisinin verdiyi qiymət) sözdə yox, işdə-əməldə olmalıdır.

 

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan ziyalısı xırda hisslərdən və özünütəbliğdən (populizmdən) kənar duraraq, 20 faiz torpaqları işğal olunan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkənin problemlərini dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələn hər şeyi etməlidir. Bizim başqa cür olmağa sadəcə haqqımız yoxdur.

 

 

 

SCİ Thomson Reyters-də

məq. sayı

SCİ Thomson Reyters-də

istinad. sayı

Google Scolar-da məq.

sayı

Google Scolar-da istinad.

sayı

Allahverdiyev

Cəlal

8

12

10

31

Əliyev Fikrət

38

96

68

378

Əliyev Maqsud

47

37

40

104

Əliyev Rafiq

43

120

44

366

Ələkbərov Urxan 

25

179

25

220

Əskərov Bəhram

49

52

45

342

Fərzəliyev Vaqif

53

109

19

68

Haşımzadə Firudin

43

163

39

190

Quliyev İbrahim

21

124

76

693

Mürşüdov Qərib

50

11855

58

12803

Rizayev Ramiz

105

198

9

128

Salayev Eldar

170

862

65

561

 

Akademik Fikrət Əliyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL