“Google” axtarış sisteminin sahibi “Alphabet Inс.” şirkətinin törəməsi “Jigsaw” real fotoşəkilləri saxtalarından fərqləndirməyə və fotoşəkillərdə redaktə izlərini aşkarlamağa imkan verən “Assembler” adlı pulsuz servis hazırlayıb. Bu barədə “The New York Times” qəzetinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, layihənin təsvirinə görə, dezinformasiya ilə mübarizə üçün nəzərdə tutulan servis özü öyrənən neyron şəbəkələr əsasında hazırlanmış yeddi “detektor”dan ibarətdir. Onların hər biri müəyyən “fotomanipulyasiya” texnikasının tanınmasına xidmət edir.
Bildirilir ki, layihə ABŞ-ın Berkli Kaliforniya, Merilend, İtaliyanın Neapolitan universitetlərinin və ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutunun alimləri tərəfindən hazırlanıb.
“Jigsaw” şirkətinin məhsullar üzrə meneceri Santyaqo Andriqonun sözlərinə görə, servisdən “viruslu” xəbərləri və fotoşop şəkilləri yoxlamaq üçün istifadə etmək olar. Bu səbəbdən o, böyük xəbər agentliklərinin jurnalistləri üçün xüsusilə faydalı olacaq. Bundan başqa, şirkət tərəfindən bütün dünyada dezinformasiya üzrə ən böyük kampaniyaların toplanacağı interaktiv platforma hazırlanıb.
Nizam Nuriyev