waplog

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Təhlükəsiz hökumət buludu” tədbiri keçirilib


II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə "Təhlükəsiz hökumət buludu" mövzusunda tədbir keçirilib.

 

Məqsəd "Hökumət buludu" layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.

 

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə" mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. "Hökumət buludu dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən bulud hesablama texnologiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji Yol Xəritəsinin Tədbirlər Planında ölkədə hökumət buludunun yaradılması və fəaliyyətinin təmini qarşıya qoyulan mühüm vəzifələrdəndir".

 

Elmir Vəlizadə bildirib ki, bu vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq hökumət buludunun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən hökumət buludu konsepsiyası hazırlanaraq təsdiq olunub. "Hazırlanmış konsepsiya ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli e-hökumət infrastrukturunun inkişafına, dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın təmin edilməsinə, e-xidmətlərin yaradılması və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması, e-xidmətlərin genişləndirilməsi və məlumatların əldə edilməsinə artan tələbatın təmin olunmasına xidmət edir".

 

"AzInTelecom" MMC-nin, Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev "Bulud texnologiyaları və hökumət buludu ilə tanışlıq" mövzusunda təqdimatla çıxış edərək şirkətin beynəlxalq səs trafiki, sertifikatlaşdırma və "Azcloud" xidmətləri sahəsindəki fəaliyyəti haqqında danışıb. R.Əliyev Bulud xidmətlərinin növləri, rezervlənmə xidməti, "Trend MicroDeep Security", müştəri xidmətləri, "Azcloud" hökumət həlləri, İT xərcləri üzrə tendensiya, ənənəvi İT infrastrukturundan buluda keçid haqda ətraflı məlumat verib.

 

"Hökumət buludu" layihəsinin rəhbəri Ənvər Abbasov "Azcloud hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik" mövzusunda çıxış edərək, layihə çərçivəsində aparılan işlər, hökumət buludunun arxitekturası haqqında məlumat verib. Dövlət qurumlarında buluda keçidlə bağlı atılacaq addımlardan söz açan Ə.Abbasov 2021-ci ildə ölkədə ilk G-Cloud binasının inşa ediləcəyini, həmçinin arxiv mərkəzinin yaradılacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Xüsusi Dövlət Mühafizə Xidməti, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov dövlət informasiya resurslarında təhlükəsizlik tədbirlərindən danışıb. T.Məmmədov 2017-ci ildən başlayaraq virtual oğurluq və saxtalaşdırma hallarının artdığını qeyd edərək, kiberhücumlar, istifadə olunan metodlar, hakerlərin marağında olan məlumatlar, statistik rəqəmləri diqqətə çatdırıb.

 

Eyni zamanda, tədbirdə "Azcloud" bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.

 

Qeyd edək ki, "Kibertəhlükəsizlik həftəsi" sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

 

 

 

 

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL