waplog

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib


II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən növbəti seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkil etdiyi Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı oldu.

 

Məqsəd kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaqdır.

 

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov mərkəz tərəfindən şəbəkə və İT mütəxəssisləri üçün peşəkar kibertəhlükəsizlik, “Cisco CCNA security” və digər istiqamətlərdə keçirilən təlimlər haqda məlumat verib. O, həmçinin “Azərbaycan Respublikasında 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya”nın qəbulunun əhəmiyyətini də qeyd edərək müvafiq sənədin hazırlandığını bildirib.

 

Kibertəhlükəsizlik mütəxəssisi, “İKT LAB”-ın təlimçisi Abdulla Abdullayev “Kill Chain” metodologiyası, kibertəhlükəsizlik üzrə sertifikatların kateqoriyaları və kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlar haqqında məlumat verib. “EC-Council” təşkilatının "Certified Ethical Hacker (C|EH)" sertifikatlaşdırılmış etik haker proqramı və sertifikatlaşdırma imkanlarından bəhs edib. O, həmçinin qeyd edib ki, dünyada ən yüksək maaşı bulud texnologiyası üzrə sertifikata malik mütəxəssislər alır.

 

Şəbəkə və təhlükəsizlik mühəndisi Ramil Baxşıyev “CompTİA security ” proqramı və beynəlxalq sertifikatlaşdırma imkanlarından danışıb.

 

Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev “ISO/IEC 27001:2015 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat haqda təqdimatla çıxış edib.

 

Qeyd edək k, kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarının davamı olaraq, 10-14 mart tarixlərində “ISO/IEC 27001:2015 standartı – “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər” əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək “CompTİA Security ”, yəni “İT təhlükəsizliyinin əsasları” beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək.

 

İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

 

Xatırladaq ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL