waplog

“Apple” şirkətinin ən böyük təqdimatı ləğv oluna bilər


“Apple” şirkətinin iyunda proqram tərtibatçıları üçün keçirdiyi illik “WWDC” konfransı ləğv olunmaq təhlükəsi ilə üzləşib. Belə ki, şirkətin mənzil-qərargahının yerləşdiyi Santa-Klara dairəsinin (Kaliforniya) hakimiyyəti tərəfindən kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Santa-Klara dairəsinin Səhiyyə Departamenti mindən çox insanın iştirak etdiyi kütləvi tədbirləri qadağan edib. Martın 10-dan etibarən qüvvəyə minən qadağa minimum üç həftə davam edəcək.

 

Məlumata görə, qadağa səbəbindən “Apple” şirkətinin yay təqdimatı və illik konfransı ləğv edilə bilər. “WWDC” stabil şəkildə 6 min qonağı bir araya gətirən dünyada proqram tərtibatçıları üçün ən böyük tədbirlərdən biridir. Tərtibatçılar konfransı ənənəvi olaraq Santa-Klara dairəsinin mərkəzi olan San-Hose şəhərində keçirilir. Jurnalistlərin fikrincə, “Apple” tərəfindən “WWDC” konfransının onlayn formatda keçiriləcəyi təqdirdə iştirakçıların sayı artacaq.

 

Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yeni tövsiyələr dairədə ilk COVID-19 pnevmoniya xəstəsinin ölümü qeydə alındıqdan sonra tətbiq edilib. Santa-Klarada infeksiyadan ölənlərin ümumi sayı isə 43 təşkil edir.

 

Pnevmoniyanın yayılması təhlükəsi ilə əlaqədar tərtibatçılar üçün illik konfransı “Google” şirkəti də ləğv edib. Şirkət martın 3-də mayın 12-14-nə planlaşdırılan “Google I/O” konfransını ləğv etdiyini bəyan edərək tədbiri onlayn formatda keçirəcəyini qeyd edib. Konfransda ABŞ şirkəti tərəfindən “Android 11” əməliyyat sisteminin təqdim ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL