waplog

Aya eniş üçün pilotlu sistemlərin yaradılmasını davam etdirəcək şirkətlər seçilib


ABŞ Kosmik Agentliyi (NASA) Aya eniş üçün kosmik gəminin yaradılmasında rəqabəti davam etdirəcək üç şirkətlə müqavilə imzalayıb. Beləliklə, bu istiqamətdə gələcək iş "SpaceX", "Blue Origin" və "Dynetics" şirkətləri tərəfindən aparılacaq. "Boeing" şirkəti isə müqavilənin imzalanmasında kənarda qalıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 579 milyon dollar məbləğində ən böyük maliyyə yardımı "Amazon" şirkətinin təsisçisi Ceff Bezosa məxsus "Blue Origin" şirkətinə təqdim ediləcək. O, buraxılışı üçün "New Glenn" raketinin və ya "United Launch Alliance" şirkətinin "Vulcan" daşıyıcısının istifadə olunacağı "ILV" üçpilləli enmə modulunun hazırlanması ilə məşğul olur. Buraxılışı üçün "Vulcan" raketinin istifadəsi planlaşdırılan "Dynetics" şirkətinə məxsus "DHLS" ikipilləli sisteminin yaradılması üzrə layihə 253 milyon dollar cəlb edib. Ay səthinə enərək oradan uçacaq "Starship" çoxistifadəli gəmisi üzərində çalışan İlon Maskın "SpaceX" şirkətinə 135 milyon dollar ayrılacaq.

 

2021-ci ilin fevralınadək qüvvədə olacaq müqavilələr həmin vaxtadək şirkətlər tərəfindən ilk sınaqların keçirilməsini nəzərdə tutur. Bundan sonra agentlik hazırlanması davam etdiriləcək ən cəlbedici layihələri seçməyi planlaşdırır.

 

ABŞ hökuməti və "NASA" Ay səthinə ekipajı 2024-cü ildə göndərmək niyyətindədir.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL