waplog

BƏƏ Marsa ilk planetlərarası aparat göndərib


Mayın 19-dan 20-nə keçən gecə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsa ölkə və bütün ərəb dünyası tarixində “Hope” (“Ümid”) adlı ilk planetlərarası aparat göndərib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, kosmik aparatın buraxılışı Yaponiyanın Taneqasima kosmodromundan Yaponiyanın “H-IIA” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. Buraxılışdan təxminən bir saat sonra aparat hesablanmış yerətrafı orbitə çıxarılıb. Oradan aparatın avqustun ortalarında Marsa göndəriləcəyi gözlənilir. Zondun Mars orbitinə çıxışı 2021-ci ilin fevralına planlaşdırılır, missiya isə BƏƏ-nin 2021-ci ilin dekabrında qeyd ediləcək yaradılmasının 50 illiyinə həsr olunub.

 

Məlumata görə, “Hope” aparatı Məhəmməd bin Rəşid adına Kosmik Mərkəz və ABŞ-ın Kolorado Universiteti Atmosfer və Kosmik Fizika Laboratoriyası, eləcə də digər təşkilatlar, o cümlədən Arizona Universiteti və Berkli Kaliforniya Universiteti arasında əməkdaşlıqda yaradılıb.

 

Bildirilir ki, zonda Mars atmosferinin tədqiqi üçün nəzərdə tutulub. Mars orbitində iş zamanı aparat atmosferin aşağı qatlarında hava dəyişikliyini öyrənəcək və müxtəlif meteoroloji amilləri, məsələn, toz fırtınalarını qeydə alacaq. Bu vəzifələrin həlli üçün zond “EXI” çoxdiapazonlu kamerası, “EMIRS” infraqırmızı spektrometri və “EMUS” ultrabənövşəyi spektrometri ilə təchiz edilib.

 

“Hope” missiyasının buraxılışı bu il üçün Marsa planlaşdırılan üç buraxılışın birincisidir. Yaxın günlərdə ABŞ və Çinin Qırmızı planetə aparat göndərəcəyi gözlənilir. Belə ki, ABŞ Kosmik Agentliyi (NASA) Marsa “Perseverance” aparatını göndərməyi planlaşdırır, Çinin “Tianwen-1” missiyası isə aparatın Mars orbitinə çıxarılmasını və onun səthinə kiçik roverin çatdırılmasını nəzərdə tutur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL