waplog

“Samsung” Çində fərdi kompüterlər istehsalını dayandırır


“Samsung Electronics” şirkəti fərdi kompüterlərin istehsalını Vyetnama köçürməsi ilə əlaqədar Çində onların buraxılışını tam dayandıracaq. Bu, xərclərin azaldılması və fərdi kompüter biznesinin rəqabət qabiliyyətinin saxlanılması ilə izah olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, 2020-ci ilin avqustunda Çinin Suçjou şəhərində yerləşən “Samsung” zavodunun fəaliyyəti dayandırıldıqdan sonra müəssisənin bir hissəsi elmi tədqiqat mərkəzinə çevriləcək. Şirkət iyulun sonunda işçi heyətini zavodun fəaliyyətinin dayandırılması və gözlənilən ixtisarlar barədə xəbərdar edib.

 

Bildirilir ki, Cənubi Koreya istehsalçısının kompüter istehsalı Vyetnamdakı mövcud zavoda köçürülür. Şirkət nümayəndəsi qeyd edib ki, Çin müəssisəsinin bağlanılması ilə bağlı qərar iqtisadi baxımdan qəbul edilib.

 

“Samsung” kompüterlərinin Çində yığılması mərkəzinin idarəedicisi qismində çıxış edən “Samsung Electronics Suzhou Computer” şirkəti 2002-ci ildə yaradılıb. Müəssisənin fərdi kompüter məhsulları əsasən Cənubi Koreya, Şimali Amerika və Çin bazarında satılıb. Cənubi Koreya KİV-nin məlumatına görə, fəaliyyətin ən yaxşı dövründə Suçjou müəssisəsində təxminən 6,5 min nəfər işçi çalışıb. Hazırda əməkdaşların sayı 1700-dək azaldılıb.

 

“Samsung” şirkətinin Çin müəssisəsinin fəaliyyətinin dayandırılması fərdi kompüterlər sahəsində azalma ilə əlaqələndirilir.

 

Qeyd edək ki, “Samsung” bir müddət əvvəl Çində smartfonlar istehsalını da dayandırıb. Şirkətin Çində smartfonların yığılması üzrə üç müəssisəsi fəaliyyət göstərsə də, 2019-cu ilin sonunda onların hamısı qapadılıb. Qurğuların yığılması Vyetnama köçürülüb və ya kontrakt istehsalçılarına müqavilə əsasında verilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL