waplog

Yeni “Samsung” məhsulları təqdim olunub


“Samsung Electronics” şirkəti onlayn təqdimat zamanı bir neçə yeni qurğu təqdim edib. Nümayiş olunan məhsullar sırasına “Note” seriyalı smartfonlar, “Tab S7” planşetləri, elastik ekranlı “Galaxy Z Fold2” smartfonu, eləcə də “Galaxy Watch3” “ağıllı” saatı və “Galaxy Buds Live” simsiz sümük keçirici qulaqcığı daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Interfax” resursuna istinadən yazır ki, “Galaxy Note20” və “Galaxy Note20 Ultra” smartfonları şirkətin qurğuları arasında ən güclü “Exynos 990” prosessoru və 6,7 və 6,9 düym diaqonallı çərçivəsiz ekranla təchiz olunub. Onların dəstinə yenilənmiş “S Pen” qələmi daxildir, eləcə də smartfonların “Windows 10” sistemi ilə inteqrasiyası təkmilləşdirilib. “İntellektual” akkumulyatoru 30 dəqiqəyə 50 faiz enerji ilə doldurmaq mümkündür.

 

Qabaqcıl modellərdə 21:9 tərəf nisbətli və saniyədə 24 kadr yazma sürətli “8K” formatlı kamera quraşdırılıb. Həmçinin səsin yazma istiqamətini tənzimləmə imkanına malik saniyədə 120 kadr sürətlə “FHD” videoçəkiliş rejimi mövcuddur. “Galaxy Note20 Ultra” modelinin kamerası lazer sensorlu avtomatik fokuslama ilə təchiz olunub. “Note20” smartfonunun təxmini qiyməti 1097 dollar, “5G” modemi dəstəkli “Note20 Ultra” modelinin isə 1646 dollar təşkil edəcək.

 

“Galaxy Z Fold2” elastik ekrana malikdir və iki ekranla – 6,2 düymlük kənar və 7,6 düymlük daxili displeylə təchiz edilib.

 

“Galaxy Tab S7” və “Tab S7 plus” planşetləri ekran ölçüsünə görə fərqlənir – müvafiq olaraq 120 QHs yeniləmə tezlikli 11 və 12,4 düym. “Wi-Fi” versiyalı “Galaxy Tab S7” planşetinin qiyməti 796 dollara, “LTE” versiyalı “Galaxy Tab S7 plus” modelinin isə 1098 dollara bərabər olacaq.

 

“Galaxy Watch3” “ağıllı” saatı fitnes məqsədlərini izləmək və bildirişlərlə yanaşı, arterial təzyiqi ölçməyə və elektrokardioqrama göstəricilərini çəkməyə imkan verir. Bundan başqa, saata istifadəçinin yerə yıxılması zamanı yaxınlarını köməyə çağırması üçün nəzərdə tutulan sensor quraşdırılıb.

 

“Galaxy Buds Live” simsiz qulaqcığı böyüdülmüş 12 millimetrlik dinamik və bas kanalı ilə təchiz edilib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, üç mikrofondan ibarət adaptiv sistem və quraşdırılmış sümük keçirici vibrasiya sensoru danışığı hətta səs-küylü yerlərdə eşitməyə imkan verir. Bundan əlavə, aktiv səs-küyü və ya səsin ətraf mühitə ötürülməsini tənzimləmək mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL