waplog

Yeni “Sony” qulaqcığı eyni anda iki qurğuya qoşulur


"Sony" şirkəti yeni "WH-1000XM4" simsiz qulaqcığını təqdim edib. O, 2018-ci ildə buraxılan populyar "WH-1000XM3" modelini əvəzləyəcək. Yeni qurğu xarici görünüşünə görə əvvəlki modelə bənzəsə də, təkmilləşdirilmiş aktiv küyü azaltma sisteminə malikdir və "Bluetooth" vasitəsilə eyni anda iki qurğuya qoşula bilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, qulaqcıqda küyün azaldılması işinə məsul olan "Q1N" çipi indi musiqi və ətrafdakı səs-küyü daha sürətli (saniyədə 700 dəfə) analiz edir. Yeni "Speak to Chat" funksiyası istifadəçi danışmağa başlayan zaman dərhal səsi avtomatik söndürəcək və onu söhbət başa çatdıqdan sonra bərpa edəcək.

 

Yeni model "WH-1000XM3" ilə müqayisədə səsli zəngləri daha keyfiyyətli təmin edir. "Sony" nümayəndələrinin sözlərinə görə, "Precise Voice Pickup" texnologiyası qulaqcığa quraşdırılan beş mikrofonu optimal şəkildə idarə edir və səsi aydın və dəqiq şəkildə tutmaq üçün qabaqcıl səs emalını yerinə yetirir.

 

"WH-1000XM4" qulaqcığının səs effekti əvvəlki modellə eynidir. Qulaqcıq eyni 40 millimetrlik dinamiklə təchiz edildiyinə görə şirkət səs keyfiyyətinin daha da yaxşılaşdırılmasını bəyan etməyib. Avtonom iş vaxtı da dəyişməz qalıb – akkumulyator 30 saatlıq fasiləsiz dinləmə üçün kifayət edir.

 

Avqustun ortalarında satışa çıxarılacaq "WH-1000XM4" simsiz qulaqcığı üçün ilkin sifarişlər ABŞ-da 350 dollara qəbul edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL