waplog

“Toyota” və “Panasonic” birgə müəssisəsi hibrid avtomobillər üçün litium-ion akkumulyatorlar buraxacaq


"Toyota Motor" və "Panasonic" şirkətlərinin iştirak etdiyi akkumulyator batareyalarının istehsalı üzrə "Prime Planet Energy & Solutions" birgə müəssisəsi 2022-ci ildən etibarən Qərbi Yaponiyada hibrid avtomobillər üçün litium-ion akkumulyatorların istehsalına başlayacaq. Bu addım elektromobillərə artan tələbatın ödənilməsi məqsədilə atılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Prime Planet Energy & Solutions" birgə müəssisəsinin bəyanatına görə, Tokusima prefekturasında "Panasonic" zavodunda istehsal xətti ildə 500 min avtomobil üçün akkumulyatorlar istehsal etmək gücünə malik olacaq.

 

2020-ci ildə yaradılan "Prime Planet Energy" şirkətində payın 51 faizi "Toyota Motor", qalan hissəsi "Panasonic" korporasiyasına məxsusdur.

 

Elektromobillər üçün dünyanın ən böyük batareya istehsalçılarından olan "Panasonic" qlobal avtomobil istehsalçıları, o cümlədən "Tesla" üçün batareya tədarükçüsü kimi ciddi rəqabətlə üzləşir. Rəqiblər qismində "Samsung SDI", "LG Chem" və "CATL" kimi Cənubi Koreya və Çin istehsalçıları çıxış edir.

 

Yaponiyanın nəhəng avtomobil istehsalçısı olan "Toyota" şirkəti ötən ay 2025-ci ilədək (planlaşdırılandan 5 il tez) elektromobillərin illik satış həcmini 5,5 milyon ədədə çatdırmaq niyyətində olmasını açıqlayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL