waplog

Dünya televizorlar bazarında rüblük tədarük üzrə yeni rekord qeydə alınıb


2020-ci ilin üçüncü rübündə dünya televizorlar bazarında tədarük həcmində yeni rekord qeydə alınıb. "TrendForce" analitik şirkətinin məlumatına görə, televizor istehsalçıları tərəfindən 62 milyondan çox qurğu buraxılıb ki, bu da əvvəlki rübü 40 faiz üstələyir. İllik ifadədə artım 13 faiz təşkil edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, bu nəzərəçarpacaq artımı təmin edən həlledici amil kimi mütəxəssislər tərəfindən Şimali Amerika bazarında televizorlara tələbatın 20 faiz artması qeyd olunur. Bundan başqa, ilin ilk yarısında TV brendlərinin "COVID-19" pandemiyasına görə tədarük qrafikini dəyişməsi də öz rolunu oynayıb.

 

Aparıcı televizor brendləri Şimali Amerika bazarında böyük uğurlar əldə ediblər. Bu, analitiklər tərəfindən ötən yazda "COVID-19" pandemiyasına görə uzunmüddətli məhdudiyyətlər dövrü ilə əlaqələndirilir. İnsanların məcburi evdə qalması televizorlardan istifadəni artırıb və onlara tələbatın artmasına zəmin yaradıb. 2020-ci ilin yanvar-avqustunda Şimali Amerikada televizorların satışı ötən ildən 20 faiz çox olub. Bu, "Samsung", "TCL", "Vizio", "Hisense" və "LG" kimi istehsalçıların nəticələrinə müsbət təsir göstərib.

 

Son illər xarici bazarlarda iştirakını aktiv genişləndirən Çinin "TCL" şirkəti xüsusilə fərqlənib. Bundan başqa, pandemiya dövründə kiçik və orta ölçülü ucuz televizorlara tələbatın artması şirkətin uğurlarına xidmət edib. Nəticədə "TCL" şirkətinin 2020-ci ilin iyul-sentyabrında tədarük həcmi aparıcı istehsalçılardan daha çox artaraq (illik hesablamada 52,7 faiz, rüb üzrə 29 faiz) 7,33 milyon ədədə çatıb.

 

Reytinqə görə, Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri dünya televizorlar bazarında lider olaraq qalır. Ötən rübdə onlar dünya üzrə müvafiq olaraq 14,2 və 7,9 milyon televizor tədarük edərək ötənilki göstəriciləri 36,4 və 6,7 faiz yaxşılaşdırıblar.

 

İlk beşlikdə, həmçinin "Hisense" və "Xiaomi" şirkətləri yer alıb. Bu ilin iyul-sentyabrında onlar 5,5 və 3,38 milyon televizor tədarük ediblər ki, bu da 19 və 22,9 faiz illik artım deməkdir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL