waplog

“Apple” dörd “iPhone 12” modeli və “ağıllı” kolonka təqdim edib


“COVID-19” pandemiyasına görə yeni “iPhone” smartfonlarının təqdim edilməsi bir ay gecikib. Lakin bu dəfə dörd model nümayiş etdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, hər bir dörd model yeni “iPad Air” planşetində olduğu kimi, “A14” prosessoru ilə təchiz edilib. “TSMC” mikrosxem istehsalçısının nümayəndəsi bildirib ki, ölçüsü kiçildilmiş tranzistorlar sayəsində məhsuldarlığı 15% artırmaq və enerji sərfiyyatını isə 30% azaltmaq mümkün olub.

 

Bütün modellər “OLED” displeylərlə təchiz edilib. Əvvəllər ən ucuz modellərə LCD displeylər quraşdırılırdı. OLED ekranların üstünlüklərindən biri odur ki, onların işləməsi üçün daha az enerji lazımdır. Bir çox qabaqcıl “Android” smartfonlarında olduğu kimi, yeni qurğularda ekran tezliyi 120 Hs olmayacaq. Bu, ekrandakı təsviri daha hamar etsə də, enerji sərfiyyatını artırmış olardı.

 

Dizayn bir az dəyişdirilib. “iPhone 5” dövründə olduğu kimi, modellərin kənar hissələri düz və aparatlar daha incə olub.

 

“iPhone” smartfonunda, nəhayət ki, “5G” modem quraşdırılıb. Amma “5G” iki tezlik diapazonunda rabitə üçün ümumi addır. Birinci, indiki halda “4G” ilə müqayisədə az üstünlük verir, ikincidə isə siqnal asanlıqla sönür. Yeni smartfonlar yalnız birinci diapazonda (6 QHs-dən aşağı) işləyir.

 

Tədarük dəsti eynidir və azdır: enerjidoldurma qurğusu və “EarPods” qulaqlıqları yoxdur. Yeganə aksesuar bir ucunda “Lightning” ştekeri, digər ucunda isə “USB-C” olan kabeldir.

 

“iPhone 12 mini” qurğusu 5,4 düymlük displeyə və alüminium korpusa malik kiçik modeldir. Arxa paneldə iki kamera quraşdırılıb: genişbucaqlı və super genişbucaqlı. Konfiqurasiyadan asılı olaraq 64, 128 və ya 256 QB yaddaş quraşdırıla bilər. Qara, ağ, qırmızı, göy, yaşıl rəngli korpuslarda əlçatandır. Noyabrın 13-də satışa çıxarılacaq, bir həftə öncə isə ilkin sifariş əlçatan olacaq.

 

“iPhone 12” modelində ekranın diaqonalı 6,1 düym təşkil edir. Digər xüsusiyyətlər kiçik modeldə olduğu kimidir. Oktyabrın 23-də satışa çıxarılacaq, 2 gün öncə ilkin sifariş əlçatan olacaq.

 

“iPhone 12 Pro” modelinin ölçüsü “iPhone 12” ilə eynidir, amma korpusun çərçivəsi alüminiumdan deyil, poladdan hazırlanıb, ikiqat optik zuma malik daha bir arxa kamera və kadrdakı obyektlərə qədər məsafəni müəyyənləşdirən lazer sensoru quraşdırılıb. Bu sensor gecə çəkilişləri və artırılmış reallığı dəstəkləyən proqramlarda kömək edir. Həmçinin bu modeldə 128, 256 və ya 512 QB yaddaş ola bilər. Qızılı, gümüşü, qrafit və göy rəngli korpuslarda əlçatandır. Oktyabrın 23-də satışa çıxarılacaq, 2 gün öncə ilkin sifariş əlçatan olacaq.

 

“iPhone 12 Pro Max” böyük modeldir. Ümumilikdə “iPhone 12 Pro” ilə eynidir, amma 6,7 düymlük ekran və 2,5 dəfə böyüdən optik zuma malik üçüncü kamera ilə təchiz edilib. Noyabrın 13-də satışa çıxarılacaq, bir həftə öncə isə ilkin sifariş əlçatan olacaq.

 

“Apple”, həmçinin “Siri” səs assistentinə malik “HomePod mini” kiçik “ağıllı” kolonkasını nümayiş etdirib. Kolonka vasitəsilə “iPhone” smartfonunu, “iPad” planşetini idarə etmək olar. Boz və ağ rəngli modellər satışa çıxarılacaq. Qiyməti 99 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL