waplog

“Google” aerostatı stratosferdə rekord 312 gün qalıb


Ucqar və kənd yerlərində internetə çıxışın təmin olunması ilə məşğul olan “Loon” (Alphabet-in tərkibinə daxildir) şirkəti stratosferdə hava şarlarının uçuş vaxtı üzrə yeni rekord müəyyənləşdirib. Şirkətin qurğusu havada 312 gün keçirib. Bu, əvvəlki göstəricidən 89 gün çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şar Puerto-Rikodan buraxıldıqdan sonra Peruya uçaraq orada üç ay ərzində internetə çıxış nöqtəsi qismində çıxış edib. O, sonra Cənubi Atlantika, Hind okeanı üzərindən uçaraq Meksikaya yola düşüb. On ay ərzində şarın qət etdiyi məsafə ümumilikdə 135 min mil təşkil edir.

 

Şirkətin texniki direktoru Salvatore Kandidonun sözlərinə görə, buna xüsusi hazırlanmış dizayn və istifadə edilən materiallar sayəsində nail olmaq mümkün olub. Buraxılışa başlamazdan əvvəl mütəxəssislər tərəfindən milyonlarla simulyasiya həyata keçirilib. Bu, yükü paylanmış optimal şar modeli yaratmağa imkan verib. Texniki direktor qeyd edib ki, test edilən bir sıra prototiplərin xarici görünüşü qəribə olduğundan Kentuki şəhərinin sakinləri uçan aparatların səhvən naməlum uçan obyektlər olduğunu güman ediblər.

 

Uçuş zamanı mühəndislər gələcəkdə qurğunun konstruksiyasına lazımi düzəlişlər etmək üçün şar telemetriyasını sutka ərzində izləyirlər. Bundan başqa, naviqasiya sistemi şarın lazımi temperatur səviyyəsini saxlamasına görə uçuş üçün optimal hündürlüyü müəyyənləşdirir.

 

Mühəndislər vurğulayıb ki, uçuş müddətinin artırılması hər uçuş saatının qiymətini ucuzlaşdıracaq. Bundan əlavə, mühəndislər Sakit okean kimi ucqar yerlərdə internetə çıxışı təmin edə biləcəklər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL