waplog

“Samsung” dünya smartfonlar bazarında liderliyini bərpa edib


İkinci rübün yekunları üzrə Çinin “Huawei” şirkəti ABŞ tərəfindən tətbiq edilən sanksiyalara baxmayaraq dünya smartfonlar bazarında lider olaraq “Samsung”u sıxışdırıb. Lakin üçüncü rübdə “Samsung” analitiklərin gözlədiyi kimi smartfonların satış həcminə görə birinci yerə qayıdıb. Bu barədə “IDC”, “Counterpoint” və “Canalys” analitik şirkətlərinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “IDC” analitik şirkətinin məlumatına görə, iyul-sentyabrda dünya bazarında smartfonların ümumi satış həcmi 353,6 milyon təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz azalıb. “Samsung” 80,4 milyon (artım 2,9 faiz) qurğu sataraq bazarda 22,7 faiz paya sahib çıxdığı halda “Huawei” şirkətinin satış payı 14,7 faizə (51,9 milyon qurğu, 22 faiz azalma) bərabər olub. Satış həcminə görə üçüncü yeri ilk dəfə 46,5 milyon (satış həcmi 13,1 faiz, illik ifadədə 42 faiz artım) smartfon satan Çinin “Xiaomi” şirkəti tutub. Bununla yanaşı, “Xiaomi” satış həcminə görə ilk dəfə 41,6 milyon (satış həcmi 11,8 faiz, illik ifadədə 10,6 faiz azalma) smartfon sataraq dördüncü pillədə qərarlaşan “Apple” şirkətini üstələyib. “Apple” şirkətinin satışlarına bu il yeni “iPhone” modellərinin dördüncü rübdə təqdim edilməsi və satışa çıxarılması faktı təsir göstərib.

 

Xatırladaq ki, “Samsung”un bir neçə gün əvvəl verdiyi məlumata görə, şirkətin iyul-sentyabrda mədaxili təqribən 67 trilyon von (təxminən 59 milyard dollar) təşkil edərək yeni rekord müəyyənləşdirib. Şirkətin rüblük gəliri 12,35 trilyon vona (10,9 milyard dollar) bərabər olub. “Samsung” nümayəndələrinin sözlərinə görə, rekord mədaxil əksər ölkələrdə karantin rejimi ləğv edildikdən sonra tələbatın artması ilə əlaqədardır. Həmçinin şirkət bu tələbatı qurğuların tədarükü üzrə effektiv idarəetmə sayəsində təmin edə bilib.

 

Öz növbəsində “Huawei” şirkətinin ikinci rübdə uğurları əsasən yerli bazarda satış həcminin çox olması ilə izah edilir. Belə ki, bazarın digər liderləri koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada tətbiq edilən məhdudiyyətlər səbəbindən nisbətən az smartfon satıb. Çində isə həmin vaxt məhdudiyyətlərin əksər hissəsi aradan qaldırılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL