waplog

Nazir Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın bölgədə innovasiyaların inkişafına mane olduğunu söyləyib


Bu gün Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Beynəlxalq İnnovasiya İdeyaları Həftəsi – "InnoWeek.uz" ilk dəfə onlayn formatda işə başlayıb.
 
Tədbirdə 30-dan çox ölkənin, aparıcı beynəlxalq təşkilat və şirkətlərin elm və innovasiyalar üzrə mütəxəssisləri iştirak edirlər.
 
"InnoWeek.uz-2020"-nin açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.
 
Nazir "COVID-19" pandemiyasının dünyadakı vəziyyəti tamamilə dəyişdiyini, innovativ texnologiyaların onunla mübarizədə mühüm rol oynadığını, eyni zamanda onlayn xidmətlər və innovativ həllər üçün yeni imkanların yarandığını bildirib.
 
Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Respublikasında innovasiyaların inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Əsas hədəflərimizdən biri də ölkəmizdə ideyaların məhsula çevrilməsinə və bazara çıxarılmasına xidmət edən dinamik bir innovasiya sistemi yaratmaqdır. Hazırda İnnovasiyalar Agentliyi startapçılara ideyalarının reallaşdırılmasında dəstək olur. Ölkəmizdə innovativ ideyaları dəstəkləyən texnoparklar, biznes inkubatorlar, sənaye zonaları, sənaye məhəllələri və fondlar mövcuddur. Rezidentlərə vergi və gömrük güzəştləri edilir".

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2018-ci ildən bəri hər il innovasiya həftələri – "Innoweek", innovasiya festivalları – "Innofest", habelə ölkənin bölgələrini əhatə edən "I2B – İdeyadan Biznesə" startap turları keçirilir. Ötən il nazirlik Azərbaycan İnnovasiya Mükafatını da təsis etdi. Bu mükafatın məqsədi ölkəmizdəki innovasiya ekosistemində fəal iştirakçıları stimullaşdırmaqdır", – deyə nazir əlavə edib.
 
İnnovasiyaların inkişafı üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Ramin Quluzadə Özbəkistanda da innovasiya sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini, bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün regional platformanın yaradılmasına ehtiyac olduğunu söyləyib: "Belə bir platforma vasitəsilə innovasiya ekosisteminə dair vahid məlumat bazası, regional startap portalı və vahid onlayn tədris platforması yaratmaq, startaplar üçün ortaq akselerasiya və mübadilə proqramları təşkil etmək, eləcə də vençur fondları və mələk investorları (Angel Investors) şəbəkəsi qurmaqla qarşılıqlı fəaliyyət göstərmək mümkündür və biz bu istiqamətdə əməkdaşlığa hazırıq".
 
Nazir, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş ballistik raketlərlə Azərbaycanın münaqişə zonasından xeyli aralıda yerləşən yaşayış ərazilərinin atəşə tutulması nəticəsində mülki şəxslərin öldürüldüyünü, ağır yaralandığını, habelə mülki infrastrukturun zərər gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, pandemiya ilə yanaşı, Ermənistanın bölgədə innovasiyaların da inkişafına mane olan təcavüzünə cavab olaraq addımlar atırıq.
 
Ramin Quluzadə çıxışının sonunda "Beynəlxalq İnnovasiya İdeyaları Həftəsi – "InnoWeek.uz"-un işinə uğurlar arzulayıb və bu tədbirin innovasiyaların inkişafı üçün səmərəli olacağına əminliyini ifadə edib.
 
Qeyd edək ki, "InnoWeek.uz-2020" çərçivəsində Beynəlxalq İnnovasiya və İnvestisiya Forumu, Beynəlxalq İnnovasiya Sərgisi, Beynəlxalq Robot Çempionatı, Birgə Regional Seminar, Beynəlxalq Gənclər İnnovasiya Forumu, Avropa İttifaqının "Horizon Europe" proqramının mütəxəssislərinin iştirakı ilə vebinar, "İnkişaf Bankı" platformasının təqdimatı, "İnnovativ ideyaların lideri" döş nişanının təqdimatı və ən yaxşı "Elm və inkişaf" məqaləsinə görə müsabiqə qaliblərinin mükafatlandırılması baş tutacaq.
 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL