waplog

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir


Azərbaycanda ilk vençur fondu olan "Boğaziçi Ventures" tərəfindən startapların maliyyələşdirilməsinə başlanılır. Fondun daxili siyasəti çərçivəsində dəyərləndirməni keçən startaplar investisiya üçün ayrılan 5 mln ABŞ dolları məbləğində vəsaitdən investisiya qazanmaq imkanı əldə edəcək.

İnvestisiya almaq üçün müraciət proseduru 3 mərhələyə bölünür.

 20 noyabr tarixindən başlayan ilk mərhələdə startaplar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinin saytında müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bu forma İnnovasiyalar Agentliyinin beynəlxalq standartlara uyğun tərtib etdiyi startap təsnifatıdır. Təsnifat anketini doldurduqdan dərhal sonra startaplara elektron poçtla aid olduqları kateqoriyaya dair məlumat göndəriləcək. Yalnız A və B kateqoriyalı startapların "Boğaziçi Ventures" fonduna investisiya əldə etmək üçün etdiyi müraciətlərinə baxılacaq. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür:

http://innovationagency.az/bv-apply-form/

Müraciətlər 20 dekabr 2020-ci il tarixinədək qəbul olunur.

İkinci mərhələdə müraciətlər İnnovasiyalar Agentliyinin əməkdaşları tərəfindən dəyərləndiriləcək. Seçim mərhələsindən keçən startaplar müsahibəyə, ilkin qiymətləndirməyə dəvət olunacaq.

Sonda seçim mərhələsini müvəffəqiyyətlə keçən startapların nəticələri yekun dəyərləndirmə üçün “Boğaziçi Ventures” fondunun Türkiyədə yerləşən mərkəzi ofisinə göndəriləcək. Mərkəzi ofisdə investisiya əldə edəcək startaplar və onlara ayrılan investisiyanın həcmi müəyyən olunacaq.

Qeyd edək ki, investisiya qazanan startapların xidmət və məhsullarının ən qısa zamanda xarici bazara ixrac olunması planlaşdırılır.

İnnovasiyalar Agentliyinin "Boğaziçi Ventures" vençur fondu ilə birgə əməkdaşlığı nəticəsində 2021-ci ilin sonuna kimi startapların sürətli inkişafı və xarici bazarlara çıxışının təmin edilməsi, həmçinin ölkəmizin texnologiya ixracının artırılması planlaşdırılır. Eyni zamanda İnnovasiyalar Agentliyi innovasiya ekosisteminin inkişafını sürətləndirmək üçün müxtəlif inkişaf mərhələsində olan startapları maliyyələşdirən vençur fondlarının Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.

Kateqoriyalar üzrə meyarlara dair məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://innovationagency.az/?mdocs-file=6269
 
 
 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL