waplog

Ən yaxşı televizorlar məlum olub


“LG” və “Samsung” brendlərinin televizorları “Rusiya Keyfiyyət Sistemi” (Roskaçestvo) təşkilatının reytinqinə başçılıq edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, təşkilat nümayəndələrinin sözlərinə görə, televizorlarla bağlı geniş tədqiqat ilk dəfə aparılıb. Mütəxəssislər tərəfindən “LG”, “Philips”, “Samsung”, “Sony” və “HiSense” brendlərinin 201 TV modeli test edilib. Qeyd olunan qurğular görüntü keyfiyyəti, səs keyfiyyəti, istifadə rahatlığı və “Smart TV” kimi bir neçə kriterilər üzrə sınaqdan keçirilib. Onların ümumi qiyməti 144-3980 dollar arasında dəyişib. Məlum olub ki, “qiymət nə qədər bahadırsa, keyfiyyət bir o qədər yaxşıdır” prinsipinə ümumilikdə əməl olunub və reytinqdə ilk yerləri ən bahalı qurğular tutub.

 

Məsələn, ümumi reytinqin ilk üç pilləsində 1722-2516 dollar diapazonunda qiymətləndirilən “LG” və “Samsung” televizorları qərarlaşıb. Ən yüksək bala böyük diaqonallı (55-58 və 60-65 düym) ekrana malik qurğular layiq görülüb. Məlum olub ki, buraxılış ilinə görə ən son modellər ekspertlər tərəfindən ən yaxşılar kimi seçilməyib. Həmçinin bildirilib ki, qabaqcıl “8K” texnologiyalı modellər “4K” formatlı televizorları üstələməyib.

 

Əlavə olaraq təşkilat tərəfindən 40-51 düym diaqonallı televizorların müxtəlif kriterilər üzrə reytinqi tərtib olunub. Məsələn, ümumi qurğular reytinqinə 530 dollarlıq “LG 50UM7500PLA” modeli başçılıq edir. Görüntü keyfiyyətinə görə siyahının birinci pilləsində 530 dollar dəyərində “LG 49SM8050PLC” yer alıb. Ən yaxşı səsə və daha rahat “Smart TV” funksiyasına malik model 702 dollar dəyərində qiymətləndirilən “LG 49NANO816NA” televizoru seçilib.

 

Tədqiqata başlamazdan əvvəl mütəxəssislər tərəfindən istifadəçilərin elektronikanın bu seqmenti ilə bağlı üstünlüklərini müəyyənləşdirmək üçün onlar arasında sorğu keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi 40-51 düym diaqonallı televizora malikdir, 62 faizi daha çox “Smart TV” funksiyasının mövcudluğuna, 31 faizi görüntü keyfiyyətinə, 24 faizi isə məhsulun buraxılış ilinə diqqət yetirir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL