waplog

Şotlandiyada yaşayış evləri təbii qazdan ekoloji təmiz hidrogenə keçiriləcək


Şotlandiyanın Fayf dairəsində 300 yaşayış evi təbii qazdan istilik və yemək hazırlanması üçün istifadə ediləcək hidrogenə keçiriləcək. Bu, dünyada ilk belə eksperimentdir. Hakimiyyət tərəfindən təsdiqlənən eksperimentin təşəbbüskarı qismində Şotlandiyanın "SGN" qaz şirkəti çıxış edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, məqsədi təbii qazdan mümkün imtinanın öyrənilməsi olan layihə çərçivəsində evlərdə hidrogen buxar qazanları və mətbəx pilətələri quraşdırılacaq. Eksperimentin dörd ildən çox davam edəcəyi gözlənilir – burada iştirak edən evlər 2022-ci ilin sonunadək pulsuz hidrogenə keçiriləcək və birinci mərhələ uğurlu olacağı təqdirdə eksperimentə daha min ev qoşulacaq.

 

Bu miqyaslı eksperiment vasitəsilə Böyük Britaniya hakimiyyəti elektroliz yolu ilə sudan əldə edilən hidrogendən istifadə edərək karbon izinin nə dərəcədə azaldılmasının mümkünlüyünü müəyyənləşdirmək niyyətindədir (bunun üçün elektrik enerjisi külək elektrostansiyaları tərəfindən istehsal olunacaq). Layihənin maliyyələşdirilməsi üçün 24 milyon dollar ayrılıb, daha 17 milyon dolların isə qaz borularının hidrogenin böyük məsafələrə nəqli üçün yararlılığının yoxlanılması məqsədilə sərf ediləcəyi nəzərdə tutulur.

 

Ekoloji təmiz hidrogen Britaniya hökumətinin mədən yanacağı mənbələrindən imtina üzrə planın əsas elementlərindəndir. Belə hidrogen təbii qazı tamamilə əvəz edəcək və ondan istifadə zamanı atmosferə karbon qazı və digər birləşmələr atılmayacaq. Hazırda Böyük Britaniyada bütün istixana qazı tullantılarının təxminən üçdəbiri ölkədə evlərin 85 faizinin təchiz edildiyi təbii qazla işləyən isitmə sistemlərinin payına düşür.

 

Xatırladaq ki, Böyük Britaniya digər sahələrdə də tullantıları azaltmaq niyyətindədir. Belə ki, bu yaxınlarda ölkə hökuməti 2030-cu ildən – planlaşdırılandan beş il tez ölkədə benzin və dizellə işləyən avtomobillərin satışının qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL