waplog

“Nokia” Avropada “6G” şəbəkələrinin hazırlanmasına rəhbərlik edəcək


Avropada altıncı nəsil mobil rabitə şəbəkəsi üçün infrastrukturun hazırlanmasına başlanılıb. Bu təşəbbüsə rəhbərlik edəcək şirkət qismində “Nokia” seçilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Finlandiyanın İT nəhəngi Avropa İttifaqının iştirakı ilə maliyyələşdirilən “Hexa-X” layihəsi çərçivəsində şirkət və universitetlər qrupuna rəhbərlik edəcək. Qrupa, həmçinin İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı, “Orange” və “Telefonica” mobil rabitə operatorları, eləcə də bir sıra texnoloji şirkətlər, o cümlədən “Intel” və “Siemens” daxildir. Onlara Almaniyanın Drezden Texniki Universiteti, Finlandiyanın Oulu Universiteti və İtaliyanın Turin Politexnik Universiteti kimi ali təhsil ocaqlarının da qoşulacağı gözlənilir.

 

“Nokia” şirkətinin nümayəndəsi Devaki Çandramulinin sözlərinə görə, “Hexa-X” layihəsinin əsas məqsədi “6G” şəbəkələrinin təsviri, yol xəritəsi və inkişaf qrafikinin hazırlanması olacaq. Şirkət texnologiyanın 2030-cu ildə kommersiya istifadəsinə veriləcəyini proqnozlaşdırır.

 

Qeyd edək ki, “Next G Alliance” və “O-RAN Alliance” kimi oxşar təşəbbüslər bir müddət əvvəl ABŞ-da istifadəyə verilib. Bundan başqa, Çin hakimiyyəti tərəfindən ölkədə “6G” texnologiyalarının hazırlanması ilə məşğul olan qrup maliyyələşdirilir.

 

“6G” şəbəkələri üçün rəsmi tələblər hələ ki müəyyənləşdirilməyib. Beynəlxalq Telekommunikasiya İttifaqının gələcək rabitə standartı üzərində aktiv işə 2021-ci ildə başlayacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL