“eSAS” Könüllülük proqramı çərçivəsində həyata keçirilən layihələrdə aktivliyi ilə seçilən könüllülər təltif edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə “eSAS” Könüllülük proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan dili üzrə nitqin tanınması üçün məlumat bazalarının toplanması” layihəsi üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırılması mərasimi təşkil edilib.
Tədbirdə, eyni zamanda, “eSAS” Könüllülük proqramı çərçivəsində baş tutmuş digər layihələrdə də aktivliyi ilə seçilən könüllülər təşkilatçılar tərəfindən sertifikatlar, təşəkkürnamələr və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.
Nitqin tanınması üzrə layihənin həyata keçirilməsində məqsəd Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt və maşın öyrənmə sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ iri məlumat bazalarının toplanmasından ibarət olub.
İlkin mərhələdə dil korpusunun hazırlanması üçün “eSAS” könüllülərinin iştirakı ilə cümlələr toplanıb, mətnlər “opendata.az” saytında xüsusi bölmədə (ai.opendata.az) yerləşdirilib və müvafiq qaydada yoxlanılıb.
Qeyd edək ki, layihə çərçivəsində 350 saatdan artıq mətn səsləndirilib.
Layihəyə Azərbaycan Könüllü Təşkilatları İttifaqı da qoşulub və aktiv şəkildə fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “eSAS” könüllülərinin fəaliyyətindən ilk olaraq, pandemiya dövründə müvafiq rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsi məqsədilə yaradılan reqemli.az saytının onlayn çat xidmətində əhalinin suallarına operativ cavab verilməsi, həmçinin saytın hazırlanması və sayta məlumatların yerləşdirilməsində istifadə edilib.
Həmçinin “eSAS” könüllüləri Vətən müharibəsi zamanı Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində sosial şəbəkə istifadəçiləri olaraq Azərbaycanın maraqlarının qorunmasında aktiv iştirak ediblər. Belə ki, onlar dünya ictimaiyyətində, internet resurslarında ölkəmiz haqqında yayılan dezinformasiyaların, yalan və ya təhrif edilmiş məlumatların aşkar olunması, onların təkzib edilməsində iştirak edib, Azərbaycan reallıqlarının və haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstəriblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL