“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə onlayn şəkildə təşkil olunan üçüncü "InnoWeek – İnnovasiya həftəsi 2020" çərçivəsində "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumu (MAINTECH 2020) baş tutub.
Forumda dövlət qurumları, özəl sektor, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkəmizdə ixracla bağlı yeni məhsul və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar tədqiqat-inkişaf proqramlarına, yerli şirkətlərin xarici ölkələrdə sertifikat və patent almasına dövlət tərəfindən dəstək verilir.
"Qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında tanıdılmasına, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştiraka və bu kimi fəaliyyətlərə dövlətimiz tərəfindən müvafiq şərait yaradılır. Həmçinin, ixracda vergi və gömrük güzəştləri tətbiq edilir. Bütün bunlar ölkəmizin rəqabət qabiliyyətini artırır" – deyə nazir müavini qeyd edib.
Azərbaycanda innovativ fəaliyyətin genişləndirilməsi istiqamətində hökumət tərəfindən ciddi addımlar atıldığını deyən E. Vəlizadə ölkəmizin innovativ inkişafı üçün strategiya hazırlandığını bildirib. O qeyd edib ki, innovasiyaların təşviqi üçün "İnnovasiyalar həftəsi", "İnnovasiya festivalı", "I2B – İdeyadan Biznesə" kimi müxtəlif tədbirlər keçirilir.
Forumun 2-ci keçirilən "Süni intellekt" tədbirində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycan Respublikasında süni intellektin inkişafı mövzusunda təqdimatla çıxış edib.
O bildirib ki, hazırda ölkədə süni intellektin müxtəlif istiqamətlərində konsaltinq xidmətləri göstərən və tədqiqat aparan 15-ə yaxın şirkət fəaliyyət göstərir. Dünyada 60 ölkənin süni intellekt üzrə milli strategiyası, siyasəti və təşəbbüsləri olduğunu qeyd edən R.Əzizov yalnız 40 ölkənin ayrıca sənəd şəklində təsdiq olunmuş milli strategiya hazırladığını diqqətə çatdırıb.
Paneldə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə "eSAS" Könüllülük proqramı çərçivəsində Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanması məqsədilə həyata keçirilən layihə barədə də məlumat verilib.
Tədbirdə süni intellekt sahəsində mövcud vəziyyət, süni intellekt strategiyasının qurulması və hədəfləri ilə bağlı müzakirələr yer alıb.
Qeyd edək ki, "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumunun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL