waplog

“Evdeqal” platforması Maldiv Respublikasında istifadəyə verildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Business Center” Korporasiyası, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və Maldiv adaları nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Evdeqal” platforması Maldiv Respublikasında istifadəyə verilib.

“Evdeqal” – koronavirus pandemiyası zamanı fərdlər, ailələr, tələbə, biznes və digər hədəf qrupları üçün xidmət, resurs və məlumatı vahid mənbədə təqdim edən onlayn platformadır. Platformanın yaradılmasında əsas məqsəd insanların sağlamlıqlarını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

BMT-nin İnkişaf Proqramının qlobal təcrübəsinə əsaslanaraq, qurumun Maldiv adaları nümayəndəliyi əvvəlcə oxşar təşəbbüsləri ölkədə təkrarlamaq və bu yenilikçi rəqəmsal həlləri yerli kontekstdə tətbiq etmək üçün Maldiv Respublikasının Milli Fövqəladə Hallar Mərkəzinə dəstək olub. Bu, BMTİP-nin Maldiv nümayəndəliyinin “Business Center” Korporasiyası və Azərbaycan ilə əməkdaşlığının yaranmasına, “Evdeqal” platformasının Maldiv kontekstinə ixracına və yerli tətbiqinə gətirib çıxarıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov qeyd edib ki, “COVID-19” həm insanlar, həm də iqtisadiyyatlar üçün ciddi problemlərə səbəb olub. “Pandemiya rəqəmsal texnologiyalara və infrastruktura tələbi artırıb. Milyonlarla insan üçün texnologiya işləmək, öyrənmək və sevdikləri ilə əlaqə saxlamağın yeganə yoluna çevrilib. Azərbaycanda da vəziyyət fərqli deyil. Ölkədə bir milyondan çox tələbənin onlayn təhsilə keçməsi və minlərlə işçinin evdən çalışmasını nəzərə alaraq "Evdeqal.az" platforması həm fərdlərə, həm də kiçik sahibkarlara bu çətin dövrdə kömək etdi. Bu səbəbdən biz bu platformanı daha da inkişaf etdirməyi və növbəti mərhələyə daşımağı planlaşdırırıq”.

“COVID-19 rəqəmsal bərabərsizliklərin nəticələrini ortaya çıxardı və ölkələr arasında daha çox əməkdaşlıq potensialını göstərdi. İnsanların və iqtisadiyyatların pandemiyadan bərpasına kömək etmək üçün rəqəmsal həllərin işləmə sürətini və miqyasını əhəmiyyətli dərəcədə artırmalıyıq və ‘Evdeqal’ ilə etməyə çalışdığımız təşəbbüs də məhz budur” – BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib.

BMT-nin İnkişaf Proqramının Maldiv Respublikasındakı Rezident nümayəndəsi Akiko Fujii bildirib ki, “COVID-19” “Evdeqal” platforması həyati əhəmiyyətli məlumat və xidmətlərə rahat çıxışı təmin edərək əhaliyə xidmət göstərəcək.

Layihə icraçılarından biri olan “Business Center” Korporasiyasından verilən məlumata görə,  “COVID-19” pandemiyasının başlanması ilə evdən idarə edilən sahibkarlıq fəaliyyəti artıb və bu tendensiyanın post-pandemiya dövründə davam edəcəyi proqnozlaşdırılır. Məlumata əsasən, hazırkı mürəkkəb şəraitdə yeni startaplar üçün vəziyyət çətinləşir. Bu cür bizneslərin bazarı çox zaman sahibkarların öz sosial dairələri ilə məhdudlaşır və brend yaratma cəhdlərinin əksəriyyəti daha böyük potensial hədəf kütləsinin diqqətindən kənarda qalır. Potensial benefisiarların çoxluğunu və bu cür veb-sayta ehtiyacı nəzərə alaraq Maldiv adalarında belə bir təşəbbüsə başlanılıb.

Qeyd edək ki, 2020-ci ilin aprelində Azərbaycanda istifadəyə verilən “Evdəqal” veb-saytı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMTİP-nin Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı çərçivəsində təsis edilən rəqəmsal platformadır. Məqsəd pandemiya müddətində ölkədə gündəlik onlayn xidmətlərə və məlumat resurslarına artan tələbatı ödəmək idi. Veb-sayt, istifadəçilərə yerli mənbələr axtarmağa, həmçinin onlayn mağazalar, elektron təhsil, səhiyyə, əyləncə, qida və çatdırılma kimi bir sıra vacib xidmətlər haqda məlumat əldə etməyə imkan verir. “COVID-19” haqqında ən son xəbər və göstəricilər və önləyici tədbirlər barədə tövsiyələrlə yanaşı, yeni rəqəmsal mənbə inkişaf tendensiyaları barədə bloq yazıları kimi məlumat, məsləhət və digər dəstək xidmətlərini də əks etdirir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL