waplog

Beynəlxalq Kosmik Stansiyaya yeni superkompüter göndəriləcək


Buraxılışı fevralın 20-nə planlaşdırılan “Cygnus NG-15” yük kosmik gəmisi “Hewlett Packard Enterprise” (HPE) şirkəti tərəfindən ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisləri ilə birlikdə hazırlanan yeni “SBC-2” superkompüterini Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hesablama maşınının baş tərtibatçısı Mark Fernandezin sözlərinə görə, superkompüter astronavtların sağlamlıq vəziyyəti haqqında onların bədənə quraşdırılan sensorlar vasitəsilə toplanan məlumatların analizi, eləcə də Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində ekspedisiya iştirakçılarının DNK-sının oxunması və analizi üçün istifadə ediləcək. Bundan başqa, superkompüterdən Yerdə müxtəlif proseslərin müşahidəsi zamanı əldə edilən məlumatların təhlili üçün istifadə nəzərdə tutulur.

 

Qeyd edək ki, ilk “HPE” (SBC-1) superkompüteri 2017-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndərilib. O, seriyalı komplekt hissələrdən yığılıb və stansiyaya quraşdırılma üçün uyğun korpusa yerləşdirilib. O zaman əsas vəzifə superkompüterin çəkisizlik vəziyyətində və daimi kosmik radiasiyada işləyə bilməsini yoxlamaq olub. Nəticədə qurğu etibarlılığını sübut edərək bir ildən çox fasiləsiz işləyib. M.Fernandezin sözlərinə görə, bu uğur “SBC-1” superkompüterinin əməliyyat sistemini təsadüfi nasazlıqlardan qoruyan xüsusi proqram təminatı sayəsində mümkün olub.

 

“SBC-2” məhsuldarlığa görə “SBC-1” superkompüterini iki dəfə üstələyir. Lakin onun hesablama gücünün təxmini göstəriciləri “HPE” şirkəti tərəfindən açıqlanmır. Yeni superkompüterin Beynəlxalq Kosmik Stansiyaya quraşdırıldıqdan sonra 2-3 il ərzində fasiləsiz fəaliyyət göstərəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL