waplog

Fiziki imkanları məhdud şəxslər ilk dəfə kosmosa göndəriləcək


Avropa Kosmik Agentliyi (ESA) Beynəlxalq Kosmik Stansiyaya uçuşların həyata keçirilməsi məqsədilə yeni astronavt hazırlama proqramı üçün namizədlərin seçiminə başlayıb. Proqram çərçivəsində kosmosun mənimsənilməsinə başlanıldığı gündən ilk dəfə olaraq ən azı bir fiziki imkanları məhdud namizədin seçilməsi planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “ESA” tərəfindən son 40 ildə üç dəfə astronavt seçimi aparılıb. Hazırkı seçim son 10 ildə dördüncüsü olacaq.

 

Agentliyin saytına görə, seçimdə iştirak etmək arzusunda olan şəxslər martdan müraciət edə bilərlər.

 

Namizədlər Avropa Kosmik Agentliyinin üzv dövlətləri siyahısına daxil olan ölkənin vətəndaşlığına, eləcə də minimum təbii elmlər, tibb, mühəndislik, riyaziyyat, informatika üzrə magistr dərəcəsinə və ya sınaqçı-təyyarəçi ixtisasına malik olmalıdır. Bundan başqa, ingilis dilində sərbəst danışmaq və digər xarici dili bilmək tələb olunur. Beynəlxalq Kosmik Stansiyada istifadə olunan rus dili uçuşlara hazırlıq mərhələsində öyrədiləcək. Bütün tələblərlə agentliyin saytında tanış olmaq mümkündür.

 

Sağlamlıq imkanları məhdud potensial astronavtın seçimi əsas seçimlə birlikdə aparılacaq. Seçimdə Beynəlxalq Paralimpiya Komitəsi iştirak edəcək.

 

Avropa Kosmik Agentliyinin robot texnikası və pilotlu uçuşlar üzrə proqramının direktoru Devid Parker bildirib ki, seçilən namizəd elmi tədqiqatlarla məşğul olacaq və Beynəlxalq Kosmik Stansiyanın adi fəaliyyətində iştirak edəcək. Bunu nəzərə alaraq bütün fiziki məhdudiyyətlərə icazə verilmir. Kosmosa uçuş üçün alçaqboylu (130 sm-dən az) şəxslər, ayağı qüsurlu, o cümlədən bir və ya hər iki ayağı, topası olmayan və ya bir ayağı uzun namizədlər iddialı ola bilərlər. Layihə müəllifləri bir müddət sonra potensial namizədlər siyahısını genişləndirmək niyyətindədir.

 

Seçim mərhələsindən keçən namizədlər əvvəlcə uçuşlar zamanı fiziki imkanları məhdud insanlar üçün əlavə təhlükəsizlik və texniki dəstək tədbirlərinin görülməsi məqsədilə xüsusi layihədə iştirak edəcəklər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL