waplog

Jestləri təhlil edən və “5G” şəbəkəsində işləyən eşitmə aparatları təqdim ediləcək


Vulverhempton və Edinburq universitetlərinin alimləri dünyada ən qabaqcıl eşitmə aparatı üzərində işləyirlər. Yeni sistem kameraların köməyi ilə həmsöhbətin əl jestlərini və mimikasını tanıyacaq, “5G” şəbəkələri üzərindən məlumat ötürəcək və süni intellekt texnologiyalarına əsaslanan alqoritmlərin köməyilə məlumatları bulud saxlanc sistemində emal edəcək. Britaniyanın "2050-ci ilədək səhiyyəni dəyişdirən texnologiyalar" proqramı çərçivəsində EPSRC dövlət qurumu tərəfindən dəstəklənən layihəyə 4,4 milyon dollar məbləğ ayrılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, layihənin müəllifləri eşitmə aparatlarını “5G” şəbəkələri üzərindən bulud platformasına qoşacaq “IoT” sistemi hazırlayacaqlar. Belə yanaşma cihaza yüklənməni azaldacaq və enerjiyə qənaət edəcək – qabaqcıl alqoritmlərdən istifadə nəticəsində bütün hesablamalar bulud platformasında aparılacaq və 10 ms-dən az gecikmə ilə geri ötürüləcək. Hər bir söhbətin məxfiliyini qorumaq üçün toplanılmış informasiya şifrlənəcək. Mühəndislər, həmçinin daşınan cihazın ölçüsünü kiçiltmək üçün elastik elektronikadan və xüsusi antenalardan istifadə edəcəklər.

 

Böyük Britaniyada təxminən 12 milyon insan eşitmə problemindən əziyyət çəkir və bu, Milli Səhiyyə Xidmətinə ildə 619 milyon dollara başa gəlir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək, 2050-ci ilədək dünyada təxminən 2,5 milyard insan eşitmə problemindən əziyyət çəkəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL