waplog

Saxta messencer polisin böyük əməliyyat keçirməsinə kömək edib


“Trojan Shield” adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünyada minlərlə polisin iştirakı ilə reydlər keçirilib. Əməliyyat zamanı qadağan olunmuş maddələrin alış-verişi ilə əlaqəsi olan 800 nəfər saxlanılıb. Tarixdə ən böyük əməliyyatlardan biri ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən yaradılan və cinayətkarların istifadə etdiyi messencer sayəsində mümkün olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Federal Təhqiqatlar Bürosunun rəhbərlik etdiyi “Trojan Shield” əməliyyatında ABŞ Narkotiklərlə Mübarizə İdarəsi, “Avropol” və 10-dan çox ölkənin hüquq-mühafizə orqanları iştirak edib. 48 saat ərzində 9 minə yaxın polis dünyanın 16 ölkəsində reydlər apararaq 700-dən çox yerdə axtarış və həbslər həyata keçirib. 32 ton narkotik, 250 ədəd odlu silah və 48 milyon dollar dəyərində müxtəlif valyuta müsadirə olunub. Bununla yanaşı, Almaniyada ən böyüyü olmaqla 50-dən çox qanunsuz narkoloji laboratoriya ləğv edilib. Dünya səviyyəli geniş əməliyyatı “ANOM” adlı messencerin sayəsində həyata keçirmək mümkün olub.

 

Rəsmi məlumata görə, FTB 100-dən çox ölkədə 300 cinayətkar sindikatın istifadə etdiyi 12 minə yaxın smartfona “ANOM” messencerini quraşdırıb. Qurğuların yayılmasına təxminən 2 il sərf olunub. Cinayətkarlar messencerin istənilən izləmədən qorunmasına əmin olublar. Hətta onlar bu telefonları öz ətraflarında yayıblar. Lakin FTB agentləri bütün göndərilən məlumatları diqqətlə izləyiblər. Cinayətkarlar təhlükəsizlikdən o qədər arxayın olublar ki, hətta kodlu sözlərdən istifadə etməyərək narkotik qaçaqmalçılığı, “çirkli pulların yuyulması”, eləcə də planlaşdırılan qətllər haqqında açıq şəkildə yazıblar.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL