waplog

“Samsung” və “Vivo” şirkətləri “5G” smartfonlarının satışının artım tempinə görə liderdir


“Strategy Analytics” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən dünya smartfonlar bazarı üzrə statistikanı dərc edib: bu qurğuların tədarükü artmaqda davam edir, cari ilin birinci rübünün yekunları üzrə nəticə isə rekord olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yanvar-martda dünyada 136 milyon “5G” qurğusu tədarük edilib. Bu, 2020-ci ilin sonuncu rübü ilə müqayisədə 6 faiz çoxdur. Bu tipli smartfonlara tələbat xüsusilə Çin, ABŞ və Qərbi Avropada yüksəkdir.

 

“5G” qurğularının satışı üzrə lider “Apple” şirkəti olsa da, onun qurğularının tədarükü rüblük hesablamada təxminən 23 faiz azalıb.

 

Reytinqin ikinci pilləsində “Oppo” şirkəti qərarlaşıb: bu Çin istehsalçısı “5G” qurğularının tədarükünü 55 faiz artırmağa nail olub. Çinin “Vivo” şirkəti “5G” dəstəkli smartfonların satışını 62 faiz artıraraq siyahıda üçüncü yeri tutub.

 

Bundan başqa, “5G” qurğularının tədarükündə daha yüksək (79 faiz) artım tempini Cənubi Koreya nəhəngi “Samsung” nümayiş etdirib. Bununla belə, şirkət aparıcı istehsalçılar reytinqində dördüncü pillədə yer alıb.

 

Beşliyi daha bir Çin istehsalçısı – “Xiaomi” tamamlayıb. Şirkətin “5G” qurğularının tədarükü rüblük hesablamada 41 faiz artıb.

 

Analitiklərin proqnozuna görə, bu il dünyada 624 milyon “5G” dəstəkli smartfon satılacaq. 2020-ci ildə bu göstərici 269 milyona bərabər olub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL