waplog

2021-ci ilin sonunadək 5G şəbəkələrinə qoşulmaların sayı 2,5 dəfə artacaq


2021-ci ilin sonunadək 5G şəbəkələrinə qoşulmaların sayı 580 milyona yaxınlaşacaq, 2026-cı ilədək isə bu göstərici 3,5 milyardı ötəcək. Bu barədə telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkəti məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, hazırda 5G rabitəsinin ən yüksək nüfuzetmə səviyyəsi Çin daxil olmaqla Şimal-Şərqi Asiyada müşahidə olunur, bu göstərici üzrə ikinci yeri Şimali Amerika tutur. Analitiklərin proqnozuna görə, sonuncu 2026-cı ilədək abunəçilərin 84%-nin beşinci nəsil şəbəkələrinə qoşulması sayəsində liderliyə yüksələcək.

 

Araşdırmaya əsasən, “COVID-19” pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq operatorlar 5G şəbəkələrinin quraşdırılmasına davam ediblər – indi 160-dan çox operator bu texnologiya əsasında kommersiya xidmətləri göstərir. İstifadəçilər yeni texnologiyaya böyük maraq göstərirlər: 2021-ci ilin birinci rübündə 5G şəbəkələrində qoşulmaların sayı 70 milyon artaraq 290 milyona çatıb.

 

Şirkətin nümayəndəsi deyib ki, 5G texnologiyalarını dəstəkləyən qurğuların ekosistemi sürətlə inkişaf edir – indi 300-dən çox 5G smartfon modeli əlçatandır.

 

“Ericsson” şirkətinin mütəxəssisləri orta statistik smartfon istifadəçisinin hər ay 10 QB-dan çox mobil trafik istifadə etdiyinə əmindir. 2020-ci ilin birinci rübündən 2021-ci ilin birinci rübünədək müddətdə dünyada trafikin həcmi 46% yüksəlib.

 

Analitiklərin məlumatına görə, 2021-ci ilin birinci rübündə qlobal mobil trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% yüksələrək aylıq 66 ekzabaytı ötüb.

 

Yaxın illərdə qlobal mobil trafikin həcminin 5 dəfə artması gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL