Çili vətəndaşları mobil telefon nömrələrinə mülkiyyət hüququ qazandı
Bütün Çili ərazisində müştərilərin mobil telefon nömrələrinə mülkiyyət hüququ qüvvəyə minib. Bunu dünən axşam ölkə prezidenti Sebastiyan Pinyera bəyan edib. “www.electroname.com” saytının yaydığı xəbərə görə, əvvəllər xidmət göstərən şirkəti dəyişən zaman mobil telefon sahibləri nömrələrindən məhrum olurdular.
“Bundan sonra mobil telefonlar, nömrələri öz istifadəçilərinə məxsus olacaq. Bu, telekommunikasiya sahəsində inqilabi dəyişiklikdir”- deyə S.Pinyera çıxışında bildirib.
O, bu qanunun icrasına nəzarəti Çili Nəqliyyat və telekommunikasiya naziri Pedro Pablo Errasurisa (Pedro Pablo Errаzuriz) həvalə edib. Çili prezidenti hesab edir ki, yenilik müştərilərə nömrəni itirmədən mobil operatorları xidmətinin keyfiyyətinə və qiymətlərinə görə dəyişmək imkanı verir.
Onun fikrinə görə, bu yolla telefon sahibləri bütün əlaqələrini saxlamaq və seçim etmək azadlığını qazanmış olurlar. Qüvvəyə minmiş qanun mobil operatorları da müştəri uğrunda daha böyük cəhdlər göstərməyə təhrik edəcək.
Belə ki, onlar öz müştərilərinə az xərclə yüksəkkeyfiyyətli xidmət təkliflərini genişləndirməli olacaqlar. S.Pinyera hesab edir ki, bu da telekommunikasiya sahəsinin inhisarlardan qorunmasına və yeni “oyunçu”ların meydana gəlməsinə imkan verəcək.
Prezident onu da bildirib ki, bu ilin avqust ayına qədər stasionar telefon nömrələrinə görə də vətəndaşların mülkiyyət hüququ qazanması reallaşacaq.
Qeyd edək ki, həm mobil, həm də stasionar telefon nömrələri üzrə müvafiq sistem ilk dəfə Honkonq və Finlandiyada həyata keçirilib. Hazırda bu sistem 60-dan artıq ölkədə fəaliyyətdədir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu addım telefon danışıqlarının dəyərinin təxminən dörddə birinə qədər aşağı salınmasına imkan verib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL