waplog

E-xidmətlər daşınmaz əmlakın qeydiyyatını sürətləndirib


Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi davam etdirilir. Bu məqsədlə 2013-cü ilə qədər həyata keçiriləcək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” dörd komponentdən ibarətdir. 

Layihənin “Daşınmaz Əmlakın Qeydiyyatı” komponentində daşınmaz əmlakın vahid kadastr və qeydiyyat sisteminin hazırlanması, notariuslara online xidmət, rəqəmsal kadastr xəritələrinin hazırlanması, kağız sənədlərin elektron sistemə daxil edilməsi və arxivləşdirilməsi yer alıb. Artıq qeyd edilən istiqamətlərdə aparılan işlər nəticəsini verməkdədir.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən göstərilən elektron xidmətlər ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində canlanma yaradıb.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən ƏMDK-nin mətbuat xidmətindən bildirilib ki, 2011-ci ilin 11 ayında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə artıb: ”Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstəriciləri ilk 11 ayda həm əmlakın qeydiyyatı, həm də sənədləşdirilməsi sahəsində ötən ilin eyni dövrlərinə nisbətən ciddi artımdan xəbər verir.

Bu dövr ərzində müşahidə olunan digər tendensiya regionlarda qeydiyyat və əmlakın rəsmiləşdirilməsinin böyük sürətlə genişlənməsidir. Ümumilikdə, ötən ilin 11 ayında ölkədə 134 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb.

Bu ötən ilin eyni dövrünə nisbətən 55,3 faiz artıqdır”.  Qeydiyyatdan keçən əmlakın 48 288-i (36,1 faiz) ilkin, 85 553-ü (63,9 faiz) təkrar qeydiyyatdan keçib. Ötən ilə nisbətən ilkin qeydiyyat 83,2, təkrar qeydiyyat 43 faiz artıb.

Komitədən qeyd edilib ki, ötən ilin eyni dövrünə nisbətən Bakıda əmlakın qeydiyyatı 36,8 faiz artdığı halda, regionlarda artım 68,9 faiz təşkil edib. Bundan başqa, özəlləşdirmə başlayandan 2011-ci il dekabrın 1-dək ümumilikdə ölkə üzrə 466 806 mənzil özəlləşdirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL