Bu gün Bakı “Eurovision-2012”yə ev sahibliyini rəsmən qəbul edəcək
Rəmzi açarın təhvili mərasimində müsabiqənin loqosu və şüarı da təqdim ediləcək, yarımfinalın püşkü atılacaq.
"Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Bakıda bu gün bir neçə təntənəli mərasim keçiriləcək. "Buta Palace"da Eurovision Mahnı Müsabiqəsinin açar təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq.
Müsabiqənin əsas mərasimlərindən olan açar təqdimetmə mərasimində "Eurovision 2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək.
Açar təqdimetmə mərasimindən sonra "Eurovision-2012"də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.
Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
Tədbirin vacib məqamlarından biri "Eurovision" mahnı müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
2004-cü ildən etibarən "Eurovision" mahnı müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
"Eurovision-2012"nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib. Mayın 22 və 24-də "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL