waplog

“Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib


“Samsung Electronics” şirkəti bu gün rüblük hesabatını dərc edib. Şirkətin  məlumatına əsasən, dördüncü rübdə “Samsung” şirkətinin mənfəəti 4 trilyon Koreya vonu və ya 3,6 milyard dollar təşkil edib. Satışlar 13% artaraq 47,3 trilyona bərabər olub.

Şirkət əhəmiyyətli maliyyə göstəricilərinə mobil telefon satışları hesabına müvəffəq olub. Belə ki, 2011-ci ilin nəticəsinə əsasən, mobil telefon satışları 300 milyonu ötüb. Bundan əlavə, “Samsung” şirkətinin hesablamalarına əsasən, mobil qurğuların sabit satışları 2012-ci ildə davam edəcək.

Şirkətin 2011-ci ilin oktyabr-dekabr ayları ərzindəki əməliyyat gəliri 5,2 trilyon Koreya vonu (4,5 milyard dollar) təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən ilin analoji dövründə bu göstərici 3,01 trilyon vona bərabər olub. Analitiklər isə “Samsung” şirkətindən 4,6 trilyon von səviyyəsində əməliyyat gəliri gözləyirdilər.

Müstəqil Koreya analitiklərinin hesablamalarına əsasən, şirkətin mobil bölməsinin əməliyyat gəliri 1 il ərzində 81% artaraq 2,6 trilyon von, bu istiqamətdə olan satışlar isə 36% artaraq 16,45 trilyon von təşkil edib.

Məlumat üçün qeyd edək ki, üçüncü rübdə “Strategy Analytics”
şirkətinin statistikasına əsasən, “Samsung” şirkəti 27,8 milyon smartfon sataraq əsas rəqibi “Apple”-ı smartfon satışları üzrə ötə bilib.

“Dongbu Securities” analitiklərinin hesablamalarına əsasən, Koreya şirkəti dördüncü rübdə bazara 32 milyon smartfon tədarük edib.

Daha bir strateji əhəmiyyətli biznes olan yarımkeçirici istehsalına gəlincə isə  şirkətin bu seqmentdəki mənfəəti 11% azalaraq 1,6 trilyon von təşkil edib. Halbuki satışlar 9,65 trilyon vona bərabər olub. Şirkətin televiziya biznesindəki göstəriciləri isə əhəmiyyətli dərəcədə azalıb.

Analitiklərin hesablamalarına əsasən, bu seqmentdə əməliyyat gəliri 6,5 milyard von təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 100 milyard vona bərabər olub. Bununla belə satışlar artıb: 7,2 trilyon vondan 7,95 trilyon vona qədər.

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL