İnsanı ayaqqabıdan tanıyan sistem yaradılıb (VİDEO)
İnsanın kimliyini ayaqqabıdan tanıya bilən yeni sistem yaradılıb. Amma cihazın bəzi çatışmazlıqlarının olması onun hələlik təhlükəsizlik sistemlərində tətbiqinə imkan vermir. Buna baxmayaraq, ixtiraçılar yeni sistemin tətbiq sahəsinin tapılacağına ümid bəsləyirlər.
Bu barədə məlumat yayan "http://www.membrana.ru" saytında bildirilir ki, insanın ayaqqabıdan tanınması üzrə identifikasiya sistemi Hasso Plattner İnstitutunun üç alman kompyuter mütəxəssisi tərəfindən hazırlanıb. İxtiraçıların fikrinə görə, yeni sistem tanınma məlumatlarını 89 faiz dəqiqliklə verə bilir.
"Bootstrapper" sistemi hələlik "Microsoft Surface", "Samsung SUR40" kimi "sensor - masa" tipli ekzotik kompyuterlər üçün nəzərdə tutulub. Masanın kənarına ayaqlara yönəldilmiş "Kinect" kamerası quraşdırılır. Sistem "RAW" formatında ayaqqabıların şəklini çəkir və onu verilənlər bazasındakı məlumatlarla müqayisə edir.
İxtiraçılar tanınma üçün niyə məhz ayaqqabıların seçildiyinə də aydınlıq gətiriblər. Belə ki, onların fikrincə, ayaqqabı bir çox fərqləndirici xüsusiyyətlərə malik olmaqla yanaşı, həmişə yerin üzərində olduğundan onun izlənməsi də asandır.
Onlar yeni sistemin bütün bacarığını 2012-ci ilin 8 mayında Texasda keçiriləcək "CHİ 2012" konfransında təqdim etməyi planlaşdırırlar. Konfransda "Bootstrapper" artıq 95,8 faiz dəqiqliklə identifikasiyaya imkan verən sistem kimi nümayiş olunacaq.