waplog

Yerli mobil operator Tələbə Təqaüd Proqramı üzrə seçim etdi


"Azercell Telekom" MMC-nin elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə seçim sona çatıb. 2011-ci ilin sentyabrında elan edilən proqrama ümumilikdə 309 tələbə müraciət edib. Nəticədə 11 gənc proqramın iştirakçısı seçilib.

Seçim prosesi müxtəlif mərhələlərdə baş tutub. Əvvəlcə tələbələrin müraciətləri nəzərdən keçirilib, onların qiymət kitabçaları dəyərləndirilib. Araşdırmalardan sonra 132 tələbə növbəti mərhələyə - ilkin imtahanlara keçid alıb.

İmtahan zamanı tələbələrin say təfəkkürü testi təqdim olunub, həmçinin, onlar ingilis dilində inşa yazıblar. Bu seçim mərhələsindən 30 nəfər müvəffəqiyyətlə keçib. Sonuncu mərhələdə Azercell-in rəhbərlərindən ibarət münsiflər heyəti namizədlərlə müsahibə keçiriblər.

Qaliblər sırasında Azərbaycanın 5 ali təhsil müəssisəsinin 3-cü və 4-cü kurslarında təhsil alan gənclər var. Naxçıvan Dövlət Universitetinin 3 tələbəsi, Dövlət İqtisad Universitetinin 5 tələbəsi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının tələbələri builki təqaüdçülər arasındadır.

Proqrama üzv seçilən gənclər tədris ili boyunca Azercell-dən hər ay 200 manat miqdarında təqaüd alacaqlar ki, bu da onların iqtisadi asılılığının azaldılmasına və asudə vaxtlarını yalnız elmi tədqiqatlara yönəltməyə imkan verəcək.

Tələbə Təqaüd Proqramının üzvləri gələcəkdə şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılaraq telekommunikasiya sahəsində biliklərini artırmaq və Azercell-də təcrübə keçmək imkanlarını əldə edəcəklər.

"Azercell" 2008-ci ildən etibarən Tələbə Təqaüd Proqramını təqdim edir. İndiyə qədər Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə proqramın verdiyi üstünlüklərdən yararlanıb.

Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan, xüsusi qabiliyyəti olan və digərlərindən fərqlənən tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına yardım göstərməkdən ibarətdir.

Azercell-in istedadlı gənclərə yönəlik proqramları sırasında "Barama" layihəsini, Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində 4G laboratoriyalarının açılmasını, müntəzəm olaraq tələbələr üçün yay məktəblərinin təşkilini, əmək yarmarkalarının keçirilməsini, kitab təqdimatlarını və s. layihələri misal çəkmək olar.

Bundan əlavə, Azercell-in gənclərə xüsusi qayğısının nümunəsi olaraq "Tələbə 1-liyi" tarif paketini də göstərmək olar. Bu paket tələbələrə öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.

Azərbaycanda peşəkar kadrların yaranması, bacarıqlı gənclərin karyera qurmasına yönəlmiş layihələri dəstəkləyən "Azercell" şirkəti bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL