Bu il vergi və rüsumlar internet vasitəsilə ödəniləcək
«Vergilər Nazirliyi perspektiv strateji modernləşdirmə konsepsiyasına əsasən, vergi xidmətinin bütün proseslərinin elektronlaşdırılmasını tam şəkildə həyata keçirmək niyyətindədir.
Biz vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələri bütün mərhələlərdə - qeydiyyatdan tutmuş, bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş, vergi nəzarəti prosesinədək tam şəkildə elektron texnologiyalar üzərindən həyata keçirilməsinə nail olmaq istəyirik». “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Vergilər nazirinin birinci müavini Natiq Əmirov «Trend»ə verdiyi müsahibəsində deyib.
O bildirib ki, 2012-ci ildə elektron xidmətlərin spektrini genişləndirmək məqsədilə bir sıra mühüm layihələrin reallaşdırılması nəzərdə tutulub.
Artıq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının tətbiqi prosesinə start verildiyini önə çəkən nazir müavini əlavə edib ki, bu, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər hüquqi qüvvəsini aldıqdan sonra mümkün olub: «Bundan sonra yerli investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron imzadan istifadə edilməklə də aparıla biləcək.
Azərbaycan Respublikasının hər bir vətəndaşı yerli investisiyalı MMC-nin elektron qeydiyyata alınması üçün onlayn qaydada müraciət etmək və real vaxt rejimində qeydiyyata alınmaq imkanı qazanacaq.
Məlumat üçün bildirim ki, bu günə qədər artıq iki hüquqi şəxs elektron şəkildə onlayn qaydada qeydiyyatdan keçib. Qeyd edim ki, elektron qeydiyyatın tətbiqi ilə bağlı yeniliklərdən biri də təqdim olunan sənədlərin siyahısının minimuma endirilməsidir. Belə ki, hüquqi ünvanı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər elektron qeydiyyat zamanı təqdim edilməli sənədlərin siyahısından çıxarılıb».
Bu il vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin yaradılması layihəsini tamamlamaq niyyətində olduqlarını vurğulayan N.Əmirov deyib ki, artıq müvafiq proqram servislərinin hazırlanması və test rejimində yoxlanılması işləri başa çatdırılıb.
Nazir müavini əlavə edib ki, "elektron audit" sisteminin tətbiqi layihəsinin əsas komponentləri üzrə cari ildə geniş işlər həyata keçiriləcək. Onun sözlərinə görə, bu sistemin növbəti ildən tədricən tətbiqinə başlamaq üçün 2012-ci ildə böyük sayda texniki, təşkilati və hüquqi məsələlər həll olunacaq: «Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə edə bilməsini təmin etmək məqsədilə vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsinə, göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə, bu terminalların tədricən vergi ödəyicilərinin elektron-xidmət mərkəzlərinə çevrilməsinə nail olmaq niyyətindəyik.
2012-ci ildə respublikanın regionlarında yeni terminallar vergi ödəyicilərinin xidmətinə istifadəyə veriləcək. Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi bu il də fəal şəkildə davam etdiriləcəkdir.
Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq vergi xidmətinin elektronlaşdırılması sahəsində çox ciddi hədəflər müəyyən edib və bu hədəflərə çatmaq üçün məqsədyönlü və sistemli tədbirləri ardıcıl şəkildə həyata keçirəcək».
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL