Canlı, yoxsa virtual ünsiyyət?
Son 15-20 ildə geniş vüsət almış “virtual asılılıq” pozuntusu təhlükələrdən xəbər verir
Sosial şəbəkələrin geniş yayılması səbəbindən həkimlər xərçəng, insult, ürək-damar xəstəlikləri riskinin yüksəldiyini bildirirlər. Belə ki, həddən artıq virtual məkanda olmaq insanı xoş və canlı ünsiyyətdən kənarlaşdırır. Bu da depressiya vəziyyəti, qan təzyiqi, hormonların səviyyəsi, immun sisteminin sıradan çıxması ilə nəticələnir.
Tədqiqatlar göstərir ki, 1987-ci ildən etibarən elektron texnologiyalar aləmində baş verən “qəfil gurultu” ilə insanlar bir-birləri ilə daha az ünsiyyət qurmağa başlayıblar.
Halbuki xoş olan şəxslə şəxsi ünsiyyət hormonların səviyyəsini tənzimləmək üçün vacib olmaqla, orqanizmə öz daxili problemlərinin öhdəsindən özbaşına gəlməyə imkan verir. “The Daily Telegraph” nəşrinin məlumatına görə, britaniyalı alimlər başqa maraqlı nəticə də əldə ediblər.
Belə ki, Böyük Britaniyada xüsusilə çox yayılmış “Facebook”un populyarlığı artdıqca, burada zöhrəvi xəstəliklərə, əsasən də sifilisə yoluxanların sayı sürətlə artır. Bu, şəbəkə istifadəçilərinin özlərinə tərəfdaş axtarması kimi sadə səbəblə izah edilir.
“Pear Analytics” kompaniyası isə “Twitter”də təkcə iki həftə ərzində ABŞ-dan daxil olan ingiliscə informasiyaları analiz etməklə 2 min “twit”in maraqlarını müəyyənləşdirib. Beləliklə, 6 kateqoriyaya bölünən ilk pillədə 41 faizlə “Tərbiyəvi, kübar söhbət” yer tutub.
Bu kateqoriyanı “ictimai qayğı” və ya “ətrafdakılardan xəbərdar olma” da adlandırırlar. Daha sonra 38 faiz dedi-qodu tipli danışıqlar, 9 faiz təkrarlanan məlumatlar, 6 faiz özünüreklam, 4 faiz spam, daha 4 faiz isə yeni xəbərlərin payına düşür. Şəbəkələr siyasi proseslərə də təsirsiz ötüşmür.
Təsadüfi deyil ki, hələ bir müddət əvvəl məşhur “WikiLeaks” saytının qurucusu Culian Assanc “Facebook”u “çox mənfur casus mexanizmi” adlandırıb. Müxtəlif maraqları və insanları birləşdirən şəbəkələrin ölkələrdə məşhurluq dərəcəsi də fərqlənir. Məsələn, əgər Şimali Amerikada “MySpace”, “Facebook”, “Twitter” və “Linkedln” daha geniş yayılıbsa, Kanadada “Nexopia”, Böyük Britaniyada “Bebo”, “Facebook”, Almaniyada “Facebook”, “Hi5”, “dol2day”, Asiyada “Friendster”, “Multiply”, “Orkut”, “Xiaonei”, “Cyworld”, Avropa ölkələrində “Tagged.com”, “XING”, “Skyrock” yayılıb. Amma istifadəçilərinin sayına görə “dünyanın üçüncü ölkəsi” adlandırılan “Facebook” üstünlük təşkil edir. Əsas informasiya məkanlarından olan “Facebook”un hazırda 800 milyondan artıq fəal üzvü var. Növbəti yeri 300 milyondan çox üzvü ilə “MySpace” tutur. Üçlüyü 250 milyondan artıq insanı ətrafına toplayan “Twitter” yekunlaşdırır.
Müasir dövrün insanları sosial şəbəkələrdən niyə asılıdır?
Beləliklə, sosial şəbəkə istifadəçilərinin günbəgün artan sayı hər ölkədə internetlə qurulan əlaqələrə meylin güclənməsinin göstəricisi kimi dəyərləndirilir və rəqəmlərə inansaq, hər ay ortastatistik istifadəçi saytda 6 saat, 2 dəqiqə və 59 saniyə vaxt keçirir.
Bu statistik göstəricinin reallığı nə qədər əks etdirməsi müzakirə mövzusu olsa da, dəyişməyən bir reallıq var: virtual aləm müasir insanın həyat tərzinə çevrilməkdədir. Bəzən bu, artan, daim yenilənən texnologiyaların istənilən sahəyə nüfuz etməsi və onlarsız keçinməyin qeyri-mümkünlüyü ilə əlaqələndirilir ki, hazırda da kompyutersiz ofisə rast gəlinməsi, kompyuter olan yerdə isə virtual aləmə daxil olmamaq bir qədər qəribə görünə bilər. Amma müasir dövrün insanlarını sosial şəbəkələrdən asılı edən yalnız virtual aləmin cəzbediciliyi deyil. Bu aləmə düşmək də günümüzün reallığından doğur.
Mövcud iş saatlarına tablaşmaq məcburiyyəti ilə gününü daim iş masası arxasında keçirənlər ünsiyyətə olan təbii insan tələbatını məhz bu yolla ödəməyə, yaranan boşluğun yerini bu şəkildə doldurmağa çalışırlar. Beləliklə, canlı ünsiyyəti virtual ünsiyyətlə əvəzləmək 21-ci əsrin insanlarının qarşısında hələ ki qaçılmaz vasitə olaraq qalır.
Amma müasir ünsiyyət tələbatının çıxış yolu olan virtual aləm qarşımıza başqa qaçılmazlıqları da çıxarır. Məsafələri qısaltmaq kimi xeyli üstünlükləri ilə ünsiyyətə meydan açan bu sirli dünya sonda göründüyü qədər də yaxşı nəticələr vəd eləmir, xüsusən də insan gününün çox hissəsini sosial şəbəkələrdə keçirirsə.
Bu vəziyyətə ətrafımızda da təsadüf edə bilərik. Yəqin ki sosial şəbəkədə olan virtual dostlarınızın uzun müddət görünmədiyinə və xeyli müddətdən sonra yenidən qayıtdığına diqqət etmisiniz. Günlərlə davam edən belə “tərketmə”lərin səbəbi heç də həmişə məşğulluq olmur.
Virtual ünsiyyət də insanları usandırır və bu usanma stressə gətirib çıxarır. “Şəbəkə sindromu”ndan əziyyət çəkənlərdə yalnız internetdən deyil, hətta həyatda hər şeydən bezmələr də özünü göstərir. Vaxtında qarşısı alınmazsa, bu halın irəli gedərək daha ağır fəsadlara-depressiyaya, hətta depressiyadan özünəqəsdə qədər yol açması mümkündür.
Zaman qıtlığı virtual aləmin təkliflərini aktuallaşdırır
Bəs azərbaycanlı psixoloqlar nə düşünürlər? XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin psixoloqu Humay Axundova da hesab edir ki, müasir dövrdə fəal həyat tərzi olan insanı virtual aləmdən təcrid təsəvvür etmək bir qədər çətindir: ”Belə ki, kompyuter texnologiyaları və virtual aləmin açdığı imkanlara həyatın hər bir sahəsində rast gəlmək mümkündür. Onlar istər professional, istərsə də şəxsi həyata yetərincə nüfuz edib.
Vaxt azlığı, məhdud zaman çərçivələri olduğu halda virtual aləmin təklif etdiyi perspektivlər xüsusilə aktuallaşır. İndiki dövrdə informasiya əldə etmək, peşəkar və şəxsi əlaqələr yaratmaq və ya onları davam etdirməyin alternativ yolları zaman baxımından geri qalır. Zənnimcə, virtual aləmin insan üçün vacib məqamları imkanların genişliyi və vaxta qənaətdir”.
İnsanlar virtual ünsiyyətə üstünlük versə...
Psixoloqun fikrinə görə, virtual ünsiyyət də vaxta qənaət və açılan imkanlar baxımdan qiymətləndirilə bilər: ”Bilavasitə ünsiyyətin əvəzsiz olmasına baxmayaraq, virtual ünsiyyət də insanın ünsiyyətə olan tələbatını müəyyən qədər ödəyir.
Xüsusilə, real həyatda tanış, qohum, lakin müxtəlif səbəblərdən ayrı-ayrı şəhərlərdə, ölkələrdə yaşayan insanların virtual ünsiyyət vasitəsilə bir-biri ilə əlaqə yaratması xiffət hissinin, narahatlığın müəyyən qədər də olsa, azalmasına yardım edir. Amma vay o gündən ki, eyni şəhərdə, yaxın ərazidə yaşayan insanlar bir-birinə baş çəkmək, görüşməkdənsə virtual ünsiyyətə üstünlük verə”.
Çünki H.Axundova virtual ünsiyyətin zərərli tərəflərinin də az olmadığını deyir: ”Ümumiyyətlə, ünsiyyətə olan tələbat insanın ən fundamental tələbatlarından biridir və insanın bir şəxsiyyət kimi formalaşmasında onun rolu əvəzsizdir.
Amma insanı formalaşdıran hər hansı ünsiyyət deyil, məzmunlu, şəxsi məna kəsb edən ünsiyyətdir - insanı həm intellektual, həm də emosional cəhətdən fəallaşdıran, zahiri maskalardan, səthi oyunlardan uzaq olan ünsiyyət. İndi gəlin baxaq, virtual ünsiyyət həmişə bu meyarlara cavab verirmi?”
Virtual aləmin “100 dost”u ilə real aləmdə tənha
Psixoloq hesab edir ki, virtual ünsiyyətin mənfi cəhətlərindən biri də çox zaman kəmiyyət göstəricisinin keyfiyyətdən irəli keçməsidir: ”Bunu elə sosial şəbəkələrdə bəzi istifadəçilərin dost sayına baxarkən də görmək mümkündür. Virtual aləmdə yüzlərlə insanla “dost” olmaq mümkün olduğu halda, çox zaman real aləmdə insan bütün həyatı boyu 2-3 həqiqi dostluq münasibətləri yarada bilir, ya bilmir.
Bu da təbiidir. Əslində, belə çoxsaylı dostluqlara can atanların əksəriyyəti bu münasibətlərə o qədər əhəmiyyət verməsələr də, digərləri virtual aləmin yaratdığı “populyarlıq illüziya”sına elə inanırlar ki, real aləmdəki münasibətlərdən soyuyurlar”.
Bu zaman da həyatın mərkəzi real deyil, məhz virtual aləm olur: ”Bu, çox təhlükəli fenomendir. Bu, insanın “virtual asılılıq” kimi hələ tam öyrənilməmiş və son 15-20 ildə geniş vüsət almış pozuntuya düçar olduğunu göstərir”.
“Sosial şəbəkədə indi kim var?”
Psixoloqun sözlərinə görə, virtual aləmin mənfi təsirinə məruz qalmış insanın davranışında bəzi əlamətlər müşahidə olunur. Məsələn, belə insanlar əhval-ruhiyyələrini yaxşılaşdırmaq üçün internetə qoşulmaqdan başqa yol görmürlər: ”Daha sonra, onlar bir neçə gün internetdən adət etdiklərindən daha az istifadə edirlərsə, əhvalları olduqca pozulur, əsəbi olurlar.
Hətta real həyatda gündəlik işlərini gördükdə belə daim, məsələn, “Sosial şəbəkədə indi kim var, hansı yeniliklər var”- deyə düşünürlər. Belə davamlı düşüncələr getdikcə insanın real münasibətlərdən uzaqlaşmasına, məhsuldar həyat sürməsinə, mənəvi və fiziki sağlamlığına, nəticə etibarilə cəmiyyətə ziyan vurmuş olur”.
“Bu aləmdə “dayan”, “olmaz” kimi göstərişlər yoxdur”
Psixoloq Tariyel Vəliyev də virtual aləmin malik olduğu üstünlükləri sadalayır: ”Virtual aləmin sərhədləri yoxdur. İstənilən adam istədiyi məlumatı ala, həm də istənilən məkandan insanlarla ünsiyyəti yaxınlaşdıra bilir. Hansısa görüntülü proqramlarla müxtəlif insanlarla danışa, hansısa darıxdığı insanı görə bilir.
Bu da onların bəzi problemlərini ortadan qaldırır və insana psixoloji cəhətdən çox gözəl təsir edir. İnsanlar istədikləri zaman istədikləri şəxslə ünsiyyət qurmaq imkanı qazandığından narahatçılıqlardan qurtulmuş olurlar. Amma virtual aləmin də öz problemləri var. Virtual aləmin xeyirləri qədər də çətinlikləri var”.
Ünsiyyətin bu formasının zərərli tərəfini T.Vəliyev də onun bağlılıq yaratması ilə əlaqələndirir: ”Bu, bəzən narkotik maddələrin insanda yaratdığı asılılıq qədər bağlılıq yarada bilir. Bir çox insanlar real aləmdən təcrid olunaraq internetdə daha çox vaxt keçirməyə başlayırlar.
Nəticə etibarı ilə onlar real həyatdan qopurlar. Onlar üçün artıq real həyat öz marağını itirir. Bu insanlar özlərini virtual aləmdə daha rahat hiss edirlər. Bunun da səbəbi var”. Belə ki, sərhədsiz virtual aləmdə istədikləri sahəyə baş vurub, istənilən məlumatı əldə edə bilməkləri onları daha da bu mühitə bağlayır: ”Orada heç bir qadağalar yoxdur. Bu aləmdə ona “dayan”, “bu olmaz” kimi göstərişlər verən yoxdur”.
Real aləmdən qopma şəxsiyyətin ikiləşməsinə yol açır
Psixoloq deyir ki, real aləmdən bu şəkildə qopma insanların psixikasına mənfi təsiri ilə seçilir: ”İnsanda şəxsiyyətin ikiləşməsi baş verir. Virtual aləmə qapanan insanlar real aləmdə daha özlərinə yer tapa bilmir, real aləmdə yer tapa bilmədikcə isə virtual ünsiyyətə daha çox üstünlük verirlər. Bu bağlılıq insanlarda stress, depressiya kimi bir çox psixoloji problemlər yaradır.
Belə ünsiyyət hətta bir çox ağır fəsadları olan xəstəliklərə yol aça bilər”. T.Vəliyevin fikrinə görə, belə şəxslər digər insanlarla canlı ünsiyyətdə problemlər yaşayır: ”Virtual aləmə daha çox aludəçiliyə əksər Avropa ölkələrində bir xəstəlik kimi baxılaraq, ona qarşı müalicə metodları seçilib və internet xəstəliklərinin müalicəsi üzrə xüsusi şöbələr fəaliyyət göstərir. İnsanın artıq real həyatdan qopması hiss olunanda bu vəziyyəti xəstəlik kimi qeyd edib müalicəsinə başlayırlar”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL