RƏQƏMLİ TV – istənilən hava şəraitində keyfiyyətli görüntü, az enerji istehlakı, zövqə uyğun veriliş seçimi
Bir vaxtlar o, texnologiyada ən son inqilab hesab edilirdi. Dünyada ilk dəfə olaraq 1939-cu ildə ABŞ-da müntəzəm verilişlər yayımlanmağa başlandı və o vaxtdan insanlar “sehrli qutu”nun sehrinə daldılar. Bu gün hər bir ailənin evində olan sevimli ev əşyalarından biri də televiziyadır.
Tanınmış amerikalı telejurnalist Edvard Merounun təbirincə desək, televiziya öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o, sadəcə olaraq naqil və lampalardan ibarət qutudur.
Bir əsrlik tarixi olan televiziya yarandığı gündən uğurlu inkişaf yolu keçmişdir. Əvvəllər ağ-qara təsvirə öyrəşən insanlar zaman keçdi rəngli və daha geniş diapazonlu görüntüdən zövq almağa başladılar. Ölkəmizdə televiziya yayımının başlanmasından keçən 56 il ərzində televiziya yayımının keyfiyyətli təşkili və əhali tərəfindən televiziya proqramlarının normal qəbulunun təmin olunması üçün dünya standartlarına cavab verən texniki baza yaradılıb.
Dünya standartlarına cavab verən texniki baza
Respublika ərazisində yayımlanan radio-televiziya proqramları yayım zonalarına görə ümumölkə və regional proqramlara bölünür. Teleradio şirkətlərinin mülkiyyət formasından asılı olaraq, respublikada dövlət, ictimai və özəl radio-televiziya proqramları mövcuddur.
Hazırda respublikada yerüstü və peykdən yayımlanan 10 ümumölkə (dövlət və özəl), 14 regional (özəl) televiziya, 13 ümumölkə (özəl) FM radio proqramları yayımlanır.
Eyni zamanda, hazırda Bakı şəhərində üç rəqəmli efir-kabel televiziya şəbəkəsi fəaliyyətdədir və bu şəbəkələr vasitəsilə ödənişli əsaslarla 100-ə yaxın televiziya proqramı göstərilir.
Ölkənin 9 televiziya proqramı - AzTV, “İctimai”, “Lider”, “Space”, “Xəzər”, ANS, ATV, “İdman Azərbaycan” və ATV İNT yerüstü TV yayımı ilə yanaşı, müxtəlif peyklər vasitəsilə də yayımlanır.
Respublikada radio-televiziya proqramlarının yayımı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə və özəl şirkətlərə məxsus 310-a yaxın müxtəlifgüclü radio-televiziya stansiyaları fəaliyyət göstərir.
Elmi-texniki tərəqqi, günü-gündən artan tələbat daha mütərəqqi yayım sisteminə keçidi labüd edib.
Beləliklə, keyfiyyətin yüksəldilməsi, əlavə xidmətlərin göstərilməsi, məhdud tezlik resurslarından səmərəli istifadə edilməsi və mobil televiziyaya olan ehtiyacın ödənilməsi məqsədi ilə rəqəmli televiziyanın yaranması zəruri hesab edilib.
Beynəlxalq öhdəlik
Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq, 2006-cı ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə region ölkələri arasında razılıq əldə olunub.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyini nəzərə alaraq, Azərbaycanda da digər ölkələrdə olduğu kimi rəqəmli televiziya yayım sisteminin tətbiqi dövlət əhəmiyyətli məsələ hesab edilir.
Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində Avropada yerüstü rəqəmli televiziya yayımı standartı olan DVB-T sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq, respublika əhalisinin yaşadığı ərazilərin 85 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Belə bir keçid ölkə əhalisinin televiziya yayım şəbəkəsi vasitəsilə keyfiyyətli video, audio və data (verilənlər) şəklində lazımi məlumatları ala bilməsinə imkan verəcək. Bu halda verilişin keyfiyyəti kifayət qədər yüksək olacaq.
Rəqəmli televiziya yayımına keçidlə bağlı dünya ölkələri tərəfindən bu günə qədər müxtəlif metodlar işlənib hazırlanıb. Bu metodlardan ən geniş yayılanı - ilkin mərhələdə analoq və rəqəmli yayımın paralel təşkil edilməsidir. Ölkəmizdə də bu istiqamətdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Belə ki, rəqəmli televiziya yayımına keçid dövründə mövcud radio-televiziya yayım stansiyalarında analoq vericilər saxlanılmaqla, rəqəmli televiziya vericiləri quraşdırılacaq.
Rəqəmli yayıma keçidin uğurla həyata keçirilməsində əsas amillərdən biri əhalinin rəqəmli televizorlar və çevirici qurğularla təmin olunmasıdır. Analoq televiziya yayımının nəzərdə tutulan müddətdə dayandırılmasına nail olmaq üçün 2011-ci ildən başlayaraq, rəqəmli çevirici qurğusu olmayan analoq televizorların ölkəyə gətirilməsi və satışının məhdudlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Rəqəmli radio yayıma keçid zamanı yeni rəqəmli radioqəbuledicilərdən istifadə ediləcək.
Respublikada rəqəmli radio-televiziya yayımına keçid 2 mərhələdən ibarət olacaq. Birinci mərhələ 2011-2012-ci illəri əhatə edir. Bu mərhələdə ən azı bir açıq paket (8-12 proqramdan ibarət) olmaqla Bakı, Gəncə, Naxçıvan və respublikanın sərhəd bölgələrində rəqəmli televiziya yayımının təşkili nəzərdə tutulur.
Proqramların regionlara çatdırılması üçün mövcud analoq RRX şəbəkəsinin də rəqəmli şəbəkə ilə əvəz olunması planlaşdırılır. Bu mərhələdə normativ hüquqi aktların, normativ-texniki sənədlərin, lisenziya qaydalarının və tariflərin işlənib hazırlanması nəzərdə tutulur. Bu mərhələnin əsas məqsədi ölkənin televiziya yayım şəbəkəsinin rəqəmləşdirilməsinə və bu yayım növünə keçid üçün DVB-T qəbuledicilərinin və çevirici qurğuların tətbiqinə başlanmasıdır.
İkinci mərhələ 2013-cü ili əhatə edəcək ki, bu mərhələdə digər güclü radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən (hər birində 8-12 proqram) ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur.
Təşkil ediləcək paketlərə dövlət, ictimai, özəl və regional televiziya proqramları ilə yanaşı, əhalinin marağına səbəb olan digər televiziya proqramları da daxil edilə bilər. Mərhələnin sonunda ölkə ərazisi əsasən rəqəmli televiziya yayımı ilə təmin olunacaq. Eyni zamanda, respublika ərazisində fəaliyyət göstərən analoq şəbəkəsi rəqəmli şəbəkəyə keçirilməklə yanaşı, əlavə tələb olunan stansiyalar arasında proqramların rəqəmli ötürülməsi təmin olunacaq.
Nəticədə bütün proqramların eyni nöqtədən idarə olunması, keyfiyyətin daha da artırılması və peyk üzərindən ötürülməyə alternativliyin yaradılması təmin ediləcək.
Bütün bunlar məsələnin texniki və hüquqi tərəfləri idi ki, hazırda bu istiqamətdə ardıcıl işlər görülür. Bəs gəlin görək, əhali rəqəmli yayıma keçid haqqında nələri bilir?
Rəqəmli yayıma keçid üçün sadə vətəndaşa nə lazımdır?
Son zamanlar rəqəmli TV-yə keçidlə bağlı layihənin reallaşması istiqamətində işlərin intensivləşdirilməsi əhalinin böyük marağına səbəb olub. Bunu nəzərə alaraq, bəzi məqamlara daha bəsit formada işıq salmağa çalışacağıq. Elə isə, ilk olaraq ondan başlayaq ki, analoq televiziya yerüstü qurğular vasitəsilə yayılır.
Dalğalar bir "rele" vasitəsilə qülləyə ötürülür və qüllədən də yayıcılar, transmitorlar elektromaqnit siqnalları dalğalara ötürür. Biz də, evdəki teleqəbuledicilər, anten vasitəsilə həmin elektromaqnit siqnalları tutur və televiziyaya baxırıq. Buna analoq yayım deyilir. Bir də var, bunlar olmadan rəqəmli, digital formada yayımların ötürülməsi.
Yəni müasir kommunikasiya imkanlarından istifadə edərək, yayımı və səsi daha keyfiyyətli təşkil etmək. Həmçinin, burada tezlik resursundan istifadə edərək, eyni anda bir resurs vasitəsilə 4-8 kanal ötürülür. Bu gün biz analoq yayımda bir resurs vasitəsilə bir kanala baxırıq, amma rəqəmli yayım olduğu zaman ən aşağı 4, ən yuxarısı isə 8 kanala baxmaq imkanı əldə edirik. Burada resurslardan geniş istifadəyə imkan yaranır. Bu, məsələnin texniki tərəfdən izahıdır.
Burada iki tərəf var - yayıcı və qəbuledici. Qəbul edən tərəfin televiziyası rəqəmli yayımı qəbul etməyə hazır deyilsə, bu, birmənalı şəkildə o deməkdir ki, rəqəmli yayımı sadəcə rəqəmli yayım qəbulediciləri olanlar alacaq. Təxmini hesablamalara görə, ölkə tamaşaçılarının 50 faizdən çoxunun evindəki televizor analoq yayıma uyğundur. Bəs belə olan təqdirdə əhali nə etməlidir?
Bunun üçün analoq televiziya sahibləri əlavə qəbuledici almalıdır. Belə olan halda, indiki televizoru dəyişmədən hər kəs rəqəmli yayımda da yeni siqnalları qəbul edə biləcək. “Rekorder” adlanan qurğuları televizora qoşmaqla rəqəmli yayıma nail olmaq mümkündür. Xaricdən gətirilən bu qurğunun qiyməti 30-35 dollardır.
Amma onu da qeyd edək ki, “Kür” kompyuter zavodu artıq bu qurğunun istehsalına başlayıb. Yerli əhaliyə avadanlıq daha ucuz qiymətə təklif olunur.
Məlumat üçün bildirək ki, 2010-cu ilin istehsalı olan televizorlar rəqəmli yayım üçün tam yararlıdır.
Müşahidələr göstərir ki, analoq yayımı olmayan, sadəcə, rəqəmli yayımı qəbul edən televiziyalar olduqca bahadır. Rəqəmli teleyayım üçün nəzərdə tutulan televizorun qiyməti 600-700 manat civarında dəyişir.
Bu isə o deməkdir ki, hər ailənin bu televizoru almağa maddi imkanı çatmayacaq. Bunun üçün də çarə var. Belə ki, Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) 130 min yoxsul ailənin rəqəmsal televiziya dekoderləri ilə təminatı üzrə təklif hazırlayıb. Hazırda MTRŞ-nin təklifinə baxılır.
Əhali rəqəmli yayıma keçidi necə hiss edəcək?
Rəqəmli yayım verilişlərin görüntüsünün yaxşılaşmasına xidmət edir. Külək, yağış, qar və başqa amillər görüntüyə təsir etmir.
Eyni zamanda, rəqəmli yayımın texniki üstünlükləri var. Ən əvvəl tezliklər boşalacaq, onların sayı artacaq. Xarici ölkə yayımlarının qarşısı alınacaq. Elektrik enerjisinə qənaət olunacaq. Misal üçün, əvvəllər 5 kilovat ötürücü ilə yayımlanan kanal rəqəmli yayım zamanı cəmi 1 kilovatla yayımlanacaq. İnteraktiv və digər xidmətlər istifadəyə veriləcək. Vətəndaşlar öz zövqlərinə görə verilişlər sifariş edə biləcəklər və s.
Zamirə İLQAR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL