waplog

Azərbaycan İKT sahəsində Koreya təcrübəsindən istifadə edə bilər


Fevralın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə Koreyanın Azərbaycanda səfərdə olan bir qrup nümayəndəsi arasında görüş keçirilib.

“KOİCA” (Korea İnternational Cooperation Agency) agentliyinin əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Chonghee Choinin rəhbərlik etdiyi nümayəndə heyətinə bu ölkənin “Eximbank”, “Strateji və Maliyyə, eləcə də Xarici İşlər və Ticarət nazirliklərinin təmsilçiləri daxil olublar.


Azərbaycanla rabitə sahəsində əməkdaşlıq istiqamətində araşdırma aparılmasını müsbət dəyərləndirən nazir müavini qonaqlara ölkədə gedən islahatlar, RİTN-in fəaliyyət sahələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda “Elektron hökumət” quruculuğu istiqamətində işlər  davam etdirilir: “Respublikada əsas istiqamət kimi “Elektron hökumət” formalaşdırırıq.

Bizim nazirlik də bu prosesdə əlaqələndirici qurum kimi iştirak edir. Bundan başqa, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi ilə bağlı işlər də aparılır. Telekommunikasiya peykinin orbitə  buraxılması nazirlik tərəfindən həyata keçiriləcək”.

Qarşıda yeni fəaliyyət istiqamətlərinin də olduğunu  açıqlayan E.Vəlizadə böyük planlar sırasına Regional İnnovasiyalar Zonasının yaradılmasının daxil olduğunu deyib: ”Bu zonalar yerli şirkətlərin istehsal etdikləri məhsulların ixracatı üçün bir zəmindir. Hazırda İKT sahəsində əldə olunan gəlirlərin təxminən 80 faizi məhz ölkədəki özəl sektorun hesabına formalaşıb.

Bundan başqa, Azərbaycan “Trans Avrasiya Super İnformasiya Magistralı” layihəsinin reallaşdırılması istiqamətində də uğurla fəaliyyət göstərir. Ölkədə nanomaterialların, energetik texnologiyaların tətbiqi sahəsində də işlər aparılıb. Bu istiqamətdə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən prototiplər hazırlanıb”.  


Koreya ilə İKT sahəsində əməkdaşlığı yüksək dəyərləndirən nazir müavini bu ölkə ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndiyini bildirib: ”Koreya təcrübəsi bizim üçün yaxşı nümunədir və biz bu təcrübədən istifadə edə bilərik”.

“KOİCA”-nın əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Chonghee Choi də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirib: ”Sizin istənilən planlarınızı reallaşdıra bilərik. Bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə maraqlıyıq”.
Görüş daha sonra tərəflərin müzakirəsi ilə davam etdirilib. 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL