waplog

Movcud qanunvericilik yüksək texnologiyanın inkişaf etdirilməsinə imkan verir


Bəxtiyar Məmmədov: «Texnologiyalar  bir tərəfdən ölkəyə inkişaf gətirir, digər tərəfdən isə təhlükələr  yaradır»
 
Bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsi də inkişaf etdikcə bu istiqamətdə münasibətləri tənzimləyici, müəyyənləşdirici qanunların, normativ aktların işlənilib hazırlanmasına və onların qəbul olunmasına zərurət yaranır.

Azərbaycanda da İKT olduqca sürətli inkişaf  edir və yüksək nəticələr əldə olunur. Məlumat üçün bildirək ki, ötən il ölkənin qeyri-neft sektorunda ən çox inkişaf etmiş sahə məhz rabitə və informasiya kommunikasiya texnologiyaları sahəsidir. Yaxın illərdə bu sahənin ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynayacağı artıq heç kəsdə şübhə doğurmur.

Davamlı inkişafa nail olmaq üçün əsas təməl prinsiplərindən biri də sektor üzrə möhkəm hüquqi bazanın formalaşdırılmasıdır.  Sahə ilə bağlı hazırkı hüquqi vəziyyəti  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədovla analiz etməyə çalışdıq.

B.Məmmədov bildirib ki, yüksək inkişaf qeydə alındıqca  normativ hüquqi aktlar sahəsində mütəmadi işlər görülür və müxtəlif  normativ aktlar hazırlanır: «Hüquq münasibətlərin tənzimlənməsi üçün zəruri olan normativ aktlar, normativ sənədlərdir. Ölkəmizdə münasibətlərin tənzimlənməsi bir də konstitusiya ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının «Hüquqi normativ aktlar haqqında» konstitusiyada qanunu var ki, onlar hüquqi normativ aktların yaradılması mexanizmini zəruriləşdirir.  

Sahə üzrə mövcud normativ hüquqi aktlardan, ilk növbədə əsas qanunlardan «Poçt haqqında», «Telekommunikasiya haqqında», «Elektron imza və elektron sənəd haqqında», «Elektron ticarət haqqında» qanunları misal çəkmək olar. Bundan əlavə sözsüz ki, inkişafla əlaqədar digər normativ hüquqi aktların da tərtib edilməsinə  zərurət yaranır.

Məsələn, bu yaxınlarda “Normativ hüquqi aktlar haqqında” qanunun qəbulu ilə əlaqədar bizim sahə üzrə də normativ hüquqi aktlar  qəbul edilmişdi, o cümlədən sahələrdə olan hüquqi normativ aktların uyğunlaşdırılması məsələsi gündəmə gəlmişdi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən inzibati hüquqi pozmalarla əlaqədar hüquqi normativ aktlar qəbul olunub, hüquqi aktların dövlət reyestrinə daxil edilib və sairə».


Azərbaycanda yüksək texnologiyaların, eləcə də nanotexnologiyaların inkişaf etdirilməsi üçün xüsusi bir qanunun zəruri olub-olmamasına gəlincə, B.Məmmədov bildirib ki, hazırda mövcud olan qanunlar sözügedən texnologiyaların da inkişaf etdirilməsinə şərait yaradır: «Demək olmaz ki, biz yüksək texnologiyaları qanun olmadan inkişaf etdirə bilmərik.

Zərurət onda yarana bilər ki, hazırkı qanunvericilik buna imkan verməsin. Lakin bizim bugünkü qanunlar imkan yaradır ki, yüksək texnologiyaları Azərbaycanda da inkişaf etdirək. Amma bu və ya digər hansısa sahədə yüksək texnologiyaların stimullaşdırılması ilə bağlı zərurət yarana bilər. Onda bu, ayrı bir məsələ olacaq və yəqin ki, ona da ayrılıqda baxılacaq».


Şöbə müdiri B.Məmmədov ölkədə fəaliyyət göstərən saytların təhlükəsizliyinin hüquqi tərəflərinə də toxunub. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi məsələsi bir çox dövlət orqanlarının birgə əlaqəli işini tələb edir: «Məlum olduğu kimi, RİTN hələ 2005-ci ildə Azərbaycan Respublikasının bu sahədə yeganə beynəlxalq mexanizm olan “Kibercinayətkarlıq haqqında” konvensiyaya qoşulması təşəbbüskarı kimi çıxış edib. 2008-ci ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmiz bu konvensiyaya qoşulması haqqında Avropa Şurasında, Strasburqda sənəd imzalamış və 2009-cu ilin sentyabrın 30-da parlament tərəfindən qəbul olunub. 2010-cu il iyulun 1-də nəzərdə tutulan müvafiq prosedurlar həyata keçirildikdən sonra ölkəmiz adıçəkilən konvensiyaya qoşulub.

Bu, kibertəhlükəsizliyin təmin olunması və onun ayrılmaz hissəsi olan kibercinayətkarlığa qarşı mübarizə sahəsində istifadə olunan beynəlxalq mexanizmlərdən biridir. Ondan əlavə, sözsüz ki, hər bir ölkənin özünün daxili qanunvericiliyi var. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində kompyuter sistemlərindən istifadə edərək kompyuter cinayətkarlığı adında bölmə var.

Doğrudur, bu bölməyə müasir konvensiyaya qoşulduqdan sonra yeni müddəalar əlavə olunmayıb. Bunlar əvvəlki redaksiyada olan müddəalardır. Lakin onlar da hazırda müəyyən imkanlar verir ki, bu sahədə təhdidlər, cinayət əməlləri olduqda ona qarşı mübarizə aparılsın».


B.Məmmədov əlavə edib ki, sözügedən konvensiyanın 35-ci maddəsinə görə, hər bir ölkə həftənin 7 günü və 24 saatı ərzində fəaliyyət göstərən, əlaqələndirici bir qurumu müəyyənləşdirir.

Onun sözlərinə görə, konvensiyada bununla əlaqədar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi əlaqələndirici qurum kimi müəyyənləşdirilib: «Onlar 24/7 sistemində əlaqələndirici qurumlarla birgə işləyərək, real zaman ərzində müxtəlif ölkələrlə bu sahədə qanuna zidd əməllər baş verdikdə onunla mübarizə aparmaq üçün tədbirlər görməsi ilə bağlı mexanizm müəyyənləşdirə bilərlər. Bundan əlavə, RİTN bu sahədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə də fəal iştirak edir. Məsələn, biz kibercinayətkarlıq haqqında konvensiyanın Məşvərət Şurasının iclaslarında iştirak edirik.

Məlumat üçün bildirim ki, Məşvərət Şurası üzv dövlətlərin konvensiyanın praktik tətbiqi ilə bağlı olan bir mexanizmdir. Yeri gəlmişkən qeyd edim ki, NATO-nun da aidiyyəti bir təsisatı var. Bu məsələlərdə də onlarla birgə iştirak edirik. Hətta NATO-nun mülki rabitə sahəsində çalışan struktur bölməsinin nümayəndələri Azərbaycana səfər edərək müxtəlif nazirliklərdə olublar, o cümlədən də RİTN-də görüşlər keçiriblər.

Üstəlik, biz bir çox Avropa qurumları ilə bir yerdə reallaşan seminarlarda, o cümlədən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 2010 və 2011-ci illərdə Bakıda təşkil etdiyi seminarlarda da həm birgə təşkilatçı kimi, həm də məruzəçi kimi çıxış etmişik.

Eyni zamanda, bizim nümayəndələrimiz Strasburqda beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən «Kompyuter cinayətkarlığına qarşı mübarizə» tədbirlərində də iştirak edirlər. Bütün bunlar ondan irəli gəlir ki, kompyuter cinayətkarlığına qarşı mübarizə, kompyuter təhlükəsizliyi yalnız bir dövlətin, bir təsisatın işi deyil. Burda müxtəlif dövlət orqanlarının əlaqəli şəkildə, birgə fəaliyyət göstərməsi zəruridir».


B.Məmmədov əlavə edib ki, Azərbaycanda saytların, informasiya ehtiyatlarının qorunmasını «İnformasiya əldə etmək haqqında» qanun müəyyənləşdirir. Bu qanuna görə, hər bir informasiya sahibi öz informasiya ehtiyatlarının dayanıqlı işləməsi üçün məsuldur. Ona görə də bu resursu hazırlayarkən sözsüz ki, ilk növbədə onun dayanıqlı, etibarlı olması üçün informasiya sahibi tərəfindən tədbirlər görülməlidir.

Bununla əlaqədar müxtəlif ölkələrdə müxtəlif təcrübələrin olduğunu vurğulayan B.Məmmədov deyib ki, bir çox dövlətlərdə «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti» adlanan təsisatlar da var: «Bu, adətən müxtəlif qurumlarda yaradılır. Məsələn, dövlət orqanları, biznes sektorundakı qurumlarda belə heyətlər formalaşdırılır. Bundan əlavə, mərkəzi «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti» də yaradılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu cür ümummilli heyətin yaradılması təşəbbüsü ilə çıxış edib və bu sahədə də iş gedir. Amma ölkədə ayrı-ayrı sahələrdə belə  təsisatlar var. Məsələn, təhsil sektorunda, Azərbaycan Milli Elmlər Akademiyasında, Xüsusi Dövlət Mühafizə Xidmətində də belə  təsisatlar mövcuddur.

Hesab edirəm ki, ümummilli təsisatların işini əlaqələndirən ümumi «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti»nin yaradılması aktualdır. Yəqin ki, bu sahədə  iş görüləcək. Yeri gəlmişkən onu da qeyd edim ki, bizim ölkənin üzləşdiyi problem həm də müharibə şəraiti ilə bağlıdır.

Məlum olduğu kimi, vətənimizin böyük bir ərazisi erməni qəsbkarları tərəfindən işğal olunub. Bizim xalq üçün önəmli günlərdə, məsələn, Xocalı faciəsinin ildönümlərində saytlarımıza qarşı təhdidlərə, saxtalaşdırmalara rast gəlirik. Bu sahədə də sözsüz ki, birgə, yəni təkcə RİTN deyil, aidiyyəti olan qurumlar tədbir görməlidir və görürlər də.

Zənnimcə, bu sahənin daha da effektiv olması üçün biz kompyuter texnologiyaları daha inkişaf etmiş ölkələrdə yaranan təcrübədən istifadə edə bilərik. Bir nüansı yaddan çıxarmaq lazım deyil ki, kompyuterlər bir tərəfdən ölkəyə inkişaf gətirir, digər tərəfdən isə təhlükələr də yaradır.

Yəni kriminal elementlər, cinayət əməlləri və yaxud da bu və ya digər məqsəd güdən hər hansı təsisatlar həmin informasiya mənbələrinə təhlükələr yaradır. Bunlara qarşı mübarizədə inkişaf etmiş ölkələrdə qabaqcıl təcrübələr toplanılır. Biz həm beynəlxalq mexanizmi, həm də ikitərəfli olaraq təcrübələri öyrənərək, yararlanaraq, özümüzə olan təhdidlərin qarşısını almaq üçün müvafiq tədbirlər görə bilərik».

 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL