waplog

Bu gün IBM şirkətinin yaradıcısının anadan olduğu gündür


Tomas Uotson (1874-cü il fevral ayının 17-si tarixində Nyu-York ştatında Şotlandiya mühacirləri nəsillərindən olan ailədə doğulub. İxtisas seçimində  yanılmış Uotson əmək fəaliyyətinə kommivoyajör kimi başlayıb və beləcə o, ömrünün sonuna kimi ticarətlə məşğul olub. Onu tanıyanların fikrincə, Tomas çox inadlı tacir idi və bu xarakteri nəticəsində sonralar biznesdə böyük uğurlar əldə etdi.

Uotson hələ yeniyetmə ikən biznes fəaliyyətinə başlayıb. O, müəllim (cəmi bir gün), mühasib, kommivoyajör, piano və kassa aparatlarının satıcısı kimi işləyib. Onu daima uğursuzluqlar izləyib, belə ki, heç cür gəlir əldə edə bilməyib.

Lakin məhz uzun illərin əzabı və həyat təcrübəsi Tomas Uotsonu gələcəkdə Amerikanın ən böyük satıcılarından birinə çevirdi.

Uotson 1896-cı ildə kassa aparatlarının satışı üzrə “National Cash Register” şirkətində satıcı kimi işə düzəlir. O, şirkətdə tezliklə uğur qazanır və əldə etdiyi uğurlar firma rəhbərinin diqqətindən kənarda qalmır. Uotson artıq 1911-ci ildə firma rəhbərinin köməkçisi vəzifəsində çalışırdı. “IBM” korporativ mədəniyyətinin gələcək atası artıq 4 il sonra “NCR” şirkətinin ən yaxşı ticarət agenti oldu.

Sonra isə Çarlz Flint Tomas Uotsonu “CTR” şirkətinə dəvət etdi və bu addımında yanılmadı. “CTR” korporasiyasında 11 ay işləmiş Tomas Uatson 1914-cü il may ayında şirkətin prezidenti oldu. Dünənki kassa aparatları satıcısı ona tanış olmayan tabulyator aləminə asanlıqla qoşuldu, dərhal biznesin bütün qeyri-profil qollarını satdı, “CTR” korporasiyasının bütün regional bölmələrini birləşdirdi və şirkətin gəlirini 4 il ərzində ikiqat artırdı.

1924-cü il fevral ayının 14-ü tarixində ona etibar edilmiş biznesin perspektiv və miqyasını tamamilə anlayan Tomas Uotson “CTR”-in adını  “International Business Machines” (IBM) adı ilə dəyişdirdi.
“IBM” korporasiyasının baş direktoru vəzifəsində çalışan Uatson qarşıdakı 40 il ərzində Amerika biznesinin əsl ikonasına çevrildi. O, ilk dəfə olaraq şirkətdə işçilər üçün güzəşt sistemi tətbiq edib: ödənişli məzuniyyətlər, kollektiv sığorta və s. O vaxt üçün bu, əsl inqilab idi.

“IBM” korporasiyası bugünkü uğurlarına görə məhz Tomas Uotsona borcludur. O, bir sıra idarəetmə yenilikləri tətbiq etmiş və şirkətdə korporativ mədəniyyət, həmçinin işçilərini ruhlandırmaq üçün mükafat sistemi yaratmışdı. Artıq İkinci Dünya müharibəsinin sonunda “IBM” korporasiyasının illik gəliri 140 milyon dollar təşkil edirdi və şirkət öz sahəsində liderə çevrildi.Tomas Uotson 1956-cı il iyun ayının 19-da dünyasını dəyişib.
 
Hazırladı: Hüseynov Emil


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL