waplog

Elmi işlərin səviyyəsini göstərəcək indeksin tərtib mexanizmi hazırlanır


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Azərbaycanın elmi istinad indeksinin (AEİİ) tərtib mexanizmini hazırlayır. Bu mexanizmin köməyi ilə yaradılacaq AEİİ Azərbaycan alimlərinin dövri elmi mətbuatda çap olunmuş işlərini sistemləşdirəcək. “İCTnews” elektron xəbər xidmətinə bu barədə institutun mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, yeni sistem ölkədə elmi- tədqiqatların real səviyyəsini göstərəcək. Belə ki, AEİİ ölkədə və xaricdə çap olunmuş elmi məqalələrin, müəlliflərin və məqalələrə edilmiş istinadların sayını əks etdirəcək. Bu, Azərbaycandakı elmi-tədqiqatların nəticələrinin yerli və xarici tədqiqatçılar üçün nə qədər maraq kəsb etdiyi və faydalı olduğunu üzə çıxaracaq.

İşlər Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş qrant layihəsi çərçivəsində aparılır. Layihə “Azərbaycanın milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənilməsi” adlanır və rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyevdir.

Layihənin icraçı qrupunun üzvü, Geologiya İnstitutunun Elmimetrik analiz və intellektual mülkiyyətin mühafizəsi şöbəsinin rəhbəri, texnika elmləri namizədi Tofiq Süleymanovun dediyinə görə, elmi məqalə və istinadlarla bağlı araşdırmaların hazırkı mərhələsi maraqlı mənzərə ortaya çıxarıb.

Belə ki, aydın olub ki, alimlərimizin dünya elmi informasiya məkanına çıxış imkanının çox geniş olmasına baxmayaraq, onların elmi işləri “Thomson Reuters”, “Skopus” və s. kimi beynəlxalq nüfuzlu elmi nəşr bazalarında az yer alır. AEİİ bu arzuolunmaz faktı da aşkarlayacaq və alimləri dünyanın nüfuzlu elmi jurnallarında nəşr etdirməyə həvəsləndirəcək.

Bu sistemin köməyi ilə elmi təşkilatlarda görülən işlərin monitorinqini aparmaq, məhsuldarlığını və keyfiyyətini qiymətləndirmək mümkün olacaq. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə belə bir monitorinq aparılarsa, onun nəticələri elmi müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlətin düzgün və səmərəli qərar verməsinə kömək edəcək.

İnstitutdan qeyd edilib ki, AEİİ Azərbaycanın elmi mətbuatından istifadəni yalnız yerli deyil, xarici tədqiqatçıların istifadəsi üçün də asanlaşdıracaq və respublikada jurnal-nəşriyyat fəaliyyətini müasir tələblərə cavab verən səviyyəyə çatdırmağa yardımçı olacaq.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL