waplog

Rasim Əliquliyev: “Yəni informasiya texnologiyalarının imkanlarından bəhrələnməyən media qurumu rəqabətə davamlı ola bilməz”


“İnformasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi kimi, media sahəsinə də öz təsirini göstərir. Məlumdur ki, medianın əsas məqsədi informasiyanı peşəkarlıqla toplamaq, işləmək və cəmiyyətə çatdırmaqdır. Müasir jurnalistikanın inkişaf tempi bilavasitə informasiya texnologiyaları ilə bağlıdır. Yəni informasiya texnologiyalarının imkanlarından bəhrələnməyən jurnalistika, media qurumu müasir dövrdə rəqabətə davamlı ola bilməz. 1969-cu ildə internetin yaranması sivilizasiyanın inkişafı tarixində yeni inqilabi proseslərə təkan verdi.
O cümlədən, jurnalistika sahəsində də yeni imkanlar meydana gəldi. Baxmayaraq ki, internetin hələ cəmi 40 illik tarixi var, bu müddət ərzində onun cəmiyyət həyatına gətirdiyi yeniliklər ötən yüzilliklərdə baş verən dəyişikliklərdən müqayisəolunmaz dərəcədə çoxdur. İnternet sivilizasiyanın indiyə kimi topladığı nələr varsa, hamısını dəyişir. Yəni bəşər tarixində bunun qədər inqilabi dəyişiklik gətirə biləcək elmi-texniki nailiyyət olmayıb”, - bu barədə “525-ci qəzet”ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirib. O, həmçinin qeyd edib ki, bu sahədə əsas problemlərdən biri veb-saytların hüquqi statusu ilə bağlıdır. “Azərbaycan qanunvericiliyində, o cümlədən ”Kütləvi informasiya vasitələri haqqında” Qanunda veb-saytlar medianın bir növü kimi göstərilmir. Amma faktiki olaraq bu gün veb-saytlar kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir. Veb-saytlardan hamı informasiya almaq üçün istifadə edir. Hətta veb-saytların mediaya aid edilib-edilməməsi ilə bağlı mübahisələr də yaranır”.
İnstitut direktorunun fikrincə, veb-saytlar elektron mediadır, çünki informasiya ötürücüsü, yayımı funksiyasını daşıyır, insanların informasiya tələbatını ödəyir. Amma veb-saytların məhz mass-media olub-olmamasına gəlincə isə, o bildirib ki , bununla bağlı dünyada müxtəlif baxışlar, fərqli yanaşmalar var. “Məsələn, Rusiya yanaşmasına görə, hər hansı veb-saytın mass-mediaya aid edilməsi müəyyən zaman kəsiyində ona edilən müraciətlərin sayından asılıdır. İnformasiya xidməti göstərən saytlar iki cürdür. Birincisi, təşkilatların rəsmi saytlarıdır ki, bunlar “statik saytlar” adlandırılır. Yəni bu cür saytların məqsədi universal informasiya xidməti göstərmək deyil. Bu saytlarda yalnız müvafiq təşkilat, onun fəaliyyəti haqqında statik məlumatlar yerləşdirilir ki, bu da qanunvericiliyin tələbidir”- deyə R.Əliquliyev qeyd edib.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL