waplog

Fototexnologiyanın hazırkı inkişaf mərhələsində hansı fotoaparatlara üstünlük verilməli?


Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyinin “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq elan etdiyi “Mənim Azərbaycanım” internet fotomüsabiqəsi üçün fotoşəkillərin qəbulu artıq oktyabrın 31-də başa çatacaq. Qalibləri müəyyən etmək üçün isə noyabrın 1-dən 25-dək internetdə onlayn səsvermə keçiriləcək. Bitməsinə sayılı günlər qalan müsabiqədə irəli sürülən  şərtlərdən biri də təqdim olunan fotoşəkillərin keyfiyyətli olmasıdır. Keyfiyyətli şəkildən danışarkən, ağıla gələn ilk fikir onun daha bahalı fotoaparatla çəkilməsinə ifadə olunan əminlikdir. Doğrudanmı, keyfiyyətli şəkillərin alınması ilk növbədə fotoaparatın qiyməti ilə əlaqəlidir? Ümumiyyətlə, fotoaparat alarkən nəyə diqqət etmək daha vacibdir?
 
Peşəkar fotoaparatlara külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur
 
Fransız Jozef Nisefor Neps tərəfindən bu gün müasir fotoşəkillərin tarixi kökü sayılan ilk bərkidilmiş təsvirin alınmasından xeyli zaman ötsə də, fotoşəkillər və fotoaparatlara olan maraq artmaqda davam edir. Mütəxəssislərin fikrinə görə də, informasiya aləminin hazırkı qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı, yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də məhz fotoqrafiyadır. İnsanlar həyatın maraq kəsb edən anlarını şəklin yaddaşına köçürməkdən usanmır, əksinə, buna daha çox meyil edirlər. Amma fototexnologiyanın hazırkı inkişaf mərhələsində ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyənlər müəyyən çətinlik qarşısında qalırlar. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, fotoaparat alan hər kəs ilk növbədə ondan hansı səviyyədə, harada və hansı məqsədlə istifadə ediləcəyini dəqiqləşdirməlidir. Məsələn, fotoqrafiyaya yeni maraq göstərənlərə minimal imkanlara malik həvəskar fotoaparatların alınması tövsiyə edilir. Kifayət qədər funksiyaları olan peşəkar fotoaparatlara külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur.
 
Fotoşəklin alınma texnologiyasına görə beş qrup
 
Qurumdan qeyd edilib ki, müasir fotoaparatları ən müxtəlif əlamətlərinə görə,  o cümlədən istifadə olunan işığahəssas materialın tipi, fotoşəklin alınma texnologiyası, kadrın formatı, istehlakçı xüsusiyyətlərinin səviyyəsi və digər əlamətlərə görə təsnifləşdirmək olar. Fotoşəklin alınma texnologiyası və işığahəssas materialın istifadə tipinə görə fotoaparatlar klassik, xüsusi, APS sistemli (təkmilləşdirilmiş), polaroid sistemli və rəqəmli tipli beş qrupa bölünür.  Klassik plyonkalı fotoaparatlar müasir dövrdə də geniş yayılmış fotoaparatlar qrupuna daxildirlər. Bu qəbildən olan fotoaparatların vasitəsilə fotoşəkillərin alınma prinsipi ondan ibarətdir ki, çəkilən obyekt obyektiv vasitəsilə kiçildilmiş şəkildə onun daxilində yerləşdirilmiş fotoplyonkaya həkk olunur. Fotoplyonkadakı görüntü çox çətin seçilir, yalnız kimyəvi aşınmadan sonra qaydaya düşür. İstifadə olunan plyonkanın tipindən asılı olaraq əldə edilən görüntü qara-ağ və ya rəngli ola bilər.
 
3 sinifli klassik plyonkalı fotoaparatlar
 
Klassik plyonkalı fotoaparatlar 3 sinfə bölünür: sadə, orta və peşəkar.
Sadə fotoaparatlar həvəskarlar üçün münasibdir. Onlar vasitəsilə çəkilən şəkillər də bu qəbildən olan şəxsləri qane edir. Bu fotoaparatlar maksimal dərəcədə avtomatlaşıblar. Orta sinifli fotoaparatlar artıq bu sahədə müəyyən təcrübəsi olan şəxslər üçün münasibdir və daha yüksək istehlak xüsusiyyətlərinə malikdirlər. Peşəkar fotoaparatlar isə professional fotoqrafların tələblərinə cavab verir. Bunlara hər növ fotoçəkilişləri həyata keçirməyə imkan verən çoxfunksiyalı fotoaparatlar daxildir. Onlar güclü işıqlandırıcı obyektivlərə, yüksək dözümlülük diapazonlarına malikdirlər.
Xüsusi plyonkalı fotoaparatlara panoramalı və stereoskopik fotoaparatlar aiddirlər. Panorama plyonkalı fotoaparatlar uzunsov formatlı kadr almağa (məsələn, 24x58 mm) imkan verirlər . Onlar peyzaj, interyer, arxitektura ansamblları üçün nəzərdə tutulub. Stereoskopik fotoaparatlar adətən iki obyektivə malik olurlar və iri həcmli görüntülər alınması üçün nəzərdə tutulublar.
 
“Polaroid”lər üçün xarakterik xüsusiyyətlər
 
 
“APS (Advanced Photo System–təkmilləşdirilmiş fotoqrafiya sistemi)” fotoaparatları üzərində çəkiliş şəraiti haqda informasiya, kadrın nömrəsi, diafraqma və dözümlülüyü, günü və saatı yazılan maqnit qatlı eni 24 mm. olan fotoplyonkalara çəkmək üçün nəzərdə tutulur. Bu fotoplyonkanın hər bir kadrının laboratoriya işlənməsi onların keyfiyyətini yaxşılaşdırmağa imkan verir. “APS” fotoaparatlarında fotoplyonkaya enerji yükləməsi prosesini tam olaraq avtomatlaşdıran və işlənmədən sonra onun saxlanmasını sadələşdirən xüsusi kompakt kasetlər tətbiq edilir.
“Polaroid” fotoaparatları quruluşuna görə plyonkalı fotoaparatlardan xeyli fərqlənirlər. Onlar çəkilişdən təqribən 2-3 dəqiqə sonra şəkli laborator işlənmə olmadan xüsusi çoxqatlı materialda rəngli halda çıxarmağa imkan verir. “Polaroid” fotoaparatları üçün böyüklük və kiçik həcmli şəkil görüntüsü xarakterikdir.
 
Rəqəmli fotoaparatları fotoqraf-reportyorlar üçün daha maraqlı edən səbəblər
 
 
Rəqəmli fotoaparatlar xarici görünüşünə görə plyonkalı fotoaparatların analoqudur. Onlarda işıq görüntüsü işıq hissiyyatlı elementlərin təsiri ilə elektrik impulslarının əmələ gəlməsi nəticəsində baş verir. Bu tip fotoaparatlarda çəkilişlərin saxlanması üçün iki müxtəlif tipli yadda saxlama qurğusundan istifadə edilir: daimi və dəyişdirmə yaddaşından (fləş-kartlar və mini-disklər). Daimi yaddaşlı modellərdə yaddaş qurğusu fotoaparata yerləşdirilir. Dəyişdirmə yaddaşı isə yaddaşın ümumi həcminin artırılmasına xidmət edir, çünki rəqəmli fotoaparatların öz yaddaş həcmləri adətən o qədər də böyük olmur. Onlar üçün istifadə sadəliyi, hadisələri işıqlandırma operativliyi, şəklin çıxarılmasının nisbətən ucuz olması, ekspozisiyanın düzgünlüyü xarakterikdir. Məhz bu əlamətlərinə görə onlar fotoqraf-reportyorların daha çox marağına səbəb olurlar.
 
Fotoaparatın etibarlılığı istehsal olunduğu materiallardan asılıdır
 
Fotoaparatların istehlak xüsusiyyətlərinə gəlincə, bura onların funksionallığı, estetikliyi, etibarlılığı və s. daxildir. Funksional xüsusiyyətləri dedikdə fotoaparatın konstruksiya özəllikləri, texniki imkanları nəzərdə tutulur: “İstehlakçı üçün alınan fotoaparatın estetik görünüşü də xeyli dərəcədə əhəmiyyətlidir. Təbii ki, hər hansı bir ələyatımlı quruluşda olmayan, xoşagəlməz rəngi olan bu cihazı işlətmək o qədər də xoş olmur. Etibarlılığına isə onun işləkliliyi, uzunömürlülüyü, təmirə yararlılığı və saxlanması daxildir. Fotoaparatın etibarlılığı onun istehsalına istifadə olunan materiallardan asılıdır”.
 
Aparatın  funksiyaları, forması, korpusunun rəngi kimi amillər düşünməyə məcbur edir
 
Fotoaparat alarkən onun funksiyaları, forması, korpusunun rəngi və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir: “Çünki bir sıra göstəricilərinə görə fotoaparatlar demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə istehlakçı satıcıdan malla bağlı informasiya almaq hüququndan istifadə etməlidir. Bilin ki, ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir”. İstehlakçı aldığı fotoaparatın keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün istifadəsinin nümayiş etdirilməsini satıcıdan tələb edə bilər. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur: “Fotoaparatı seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırmazdan öncə onun korpusunu, ekranını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edin. Alan zaman orijinal mal aldığınıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın”.
 
Fotoaparatı almazdan əvvəl menyu, panelində olan düymələrin işləmə qaydasını öyrənmək vacibdir
 
Fotoaparat alarkən ilk olaraq onun funksiyalarına, menyudan istifadə rahatlığına, rejim seçiminə və s. məsələlərə diqqət yetirilməlidir. Fotoaparatı almazdan əvvəl onun menyusunu, panelində olan düymələrin işləmə qaydasını yaxşı öyrənmək vacibdir: “Ticarət şəbəkələrinə daşınarkən fotoaparatlar amortizasiya imkanları olan individual qablara yerləşdirilir. İstehlakçı tərəfindən əldə edilərkən isə karton materiallı qablarda olurlar. Fotoaparatları mexaniki zədələnmələrdən qorumaqla bütün növ nəqliyyat vasitələri ilə daşımaq olar. Onları kəskin kimyəvi təsirlərin mövcud olduğu mühitdə saxlanmasına icazə verilmir. Fotoaparatlar xüsusi qızdırıcılardan, günəş şüalarından uzaq, quru və havalandırma sistemi olan yerlərdə saxlanılmalıdır”.
 
Satış tarixindən etibarən fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir
 
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, fotoaparatlar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda, yaxud nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir: “Mal zəmanət müddəti ilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu ona görə edilir ki, həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin”. Satış tarixindən etibarən isə fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL