12px13px15px17px
Tarix:06/03/12

Nazir Ərəb Sammitində TASİM layihəsindən danışıb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyətinin Qətərə rəsmi səfəri davam edir. 5-7 mart tarixlərində Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə tərəfdaşlığı çərçivəsində təşkil olunmuş "Connect" Ərəb Sammitində iştirak edən Ə.Abbasov tədbirdə məruzə ilə çıxış edib.

Nazir sammitin yekun plenar iclasında əsas məruzəçi kimi Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlar, eləcə də BMT-nin Baş Assambleyasında qətnamə ilə qəbul edilmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi barədə məlumat verib.

Dohaya səfəri çərçivəsində nazir  Qətərin İKT üzrə naziri Hessa Sultan Əl-Cabir, BTİ-nin Baş katibi Həmadan Ture, "Qatar Satellite Company"nin, "Qatar National Broadband Network Company"nin, "Qtel"in (Qətər Dövlət Telekommunikasiya şirkəti) rəhbərliyi, Misir Ərəb Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Səlim, İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya naziri Basim Əl-Rossanla ikitərəfli görüşlər keçirib, "Qatar Foundation"in nəzdində "Qatar Science and Technology Park"ına səfər edib.

Qeyd edək ki, "Connect" Ərəb Sammiti BTİ və tərəfdaşlarının resursların səfərbər edilməsi və birgə tərəfdaşlığın təşviq edilməsi məqsədi ilə təşkil etdiyi "Connect the World Regional Summits" silsiləsindən olan sayca III regional sammitdir. Tədbirin açılış mərasimi Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin iştirakı ilə baş tutub. Toplantıda dünya və region ölkələrindən bir  çox dövlət rəsmiləri, nazirlər, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri və sahə üzrə mütəxəssislər iştirak edib.

Qeyd edək ki, "Connect" Ərəb Sammitinin əsas məqsədi BMT-nin Minilliyin İnkişaf Məqsədləri ilə yanaşı, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində razılaşdırılmış qərar və məqsədlərin reallaşdırılması üçün insan, maliyyə və texniki resursların səfərbər edilməsidir.

Bundan əlavə, sammit ərəb regionu, eləcə də qonşu regionları bir araya gətirərək beynəlxalq və regional maliyyə və inkişaf təşkilatları ilə yanaşı, dövlət və özəl sektordan müvafiq sərmayədarların birbaşa əlaqə qurması, region üçün vahid strategiyanın müəyyən edilməsi məqsədi ilə regionun İKT yönlü iqtisadi dirçəlişi üçün təsis edilib. Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr olunub.




Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024